Şok xəbər, hay-küy, yağlama mərhələsi və bumeranq effekti verəcək açıqlamalar. Hamısı bir adama görə sıralandı…
 
Dünən “Futbolinfo”da Yuri Maksimovun istefasıyla bağlı xəbər yayıldı. Jurnalistika  qaydalarını əsas tutaraq, ukraynalı məşqçinin də, “Keşlə” rəhbərliyinin də fikirlərini öyrənməyə çalışdıq. Cavab vermədilər və xəbəri saxlamadıq, tirajladıq. Məsələ böyüyəndən, bütün idman mediasını əhatə edəndən sonra klub rəhbərliyi ağızlarındakı qıfılı açmağa məcbur oldular.
 
Xəbərin mahiyyəti ondan ibarət idi ki, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Maksimovun işinə qarışıb, baş məşqçiyə demədən 2 futbolçunu əvəzedici heyətə göndərib. Ukraynalı çalışdırıcı isə buna əsəbləşib və futbolçularla görüş keçirərək, onlarla vidalaşıb.
 
Çərşənbə axşamı baş verən bu olayın mətbuata çıxmasından sonra rəhbərlik təkzib verməyə məcbur oldu. İcraçı direktor Rəmiş Malıyev də Axundova qoşuldu və hərəsi bir sayta yağlama açıqlaması verdi. Guya ki, belə bir şey olmayıb. Halbuki xəbər dəqiqdi və futbolçulardan məşqçinin vidasının audioyazısını telefonun yaddaşına köçürənlər də var. Lakin tələsik Maksimovla görüş təşkil olundu, qarşıdurma səngidildi və onun ən azı “Zirə”ylə matçda da komandanın başında olması təmin edildi.
 
Olay sponsorlar səviyyəsində çözümünü tapdı. Axundovla Maksimov hər nə qədər eyni klubda çalışsalar da, eyni adam deyillər. Zaur bəyə klub AFFA tərəfindən tapşırılıbsa, ukraynalının təyinatı onun başı üstündən həyata keçirilib.
 
Hələlik müvəqqəti sakitlik yaradıldı. Bəlkə elə bu gün, bəlkə “Zirə” ilə matçdan, bəlkə də kubokun finalçıları bilinəndən sonra Maksimov gedəcək. Amma mütləq gedəcək, onun Axundovla bir klubda qalması mümkün deyil, dost ola bilməzlər, yalnız kiminsə xatirinə müəyyən müddət üçün bu görüntünü yaradırlar. Təkzibə tələsən dostlar əmin olacaq ki, Maksimovun maksimumu 2-3 oyundu.
 
Xəbər elə effekt vermişdi ki, hətta Maksimovun məşqdən şəkilləri də tirajlandı. İnformasiyanın yalan olduğunu sübut etməyə çalışanlar, pərdəarxasını gizli tutaraq, xahişlə daha 1-2 gün dözməyi xahiş edilən Maksimovun iş başında olduğunu göstərdilər. Çox yaxşı, lakin proseslərin inkişafını izləyin…
 
Başqa bir sual: həqiqətən problem yoxdursa, Maksimov özü niyə danışmır? Axı, səbəbkar odur və çıxıb xəbəri təkzib etməlidi. Müraciət də etmişik – özünə də, klubun mətbuat xidmətinə də. Ukraynalı susur, çünki təkzib etməyi yox, sular durulana kimi postunda qalmağı vəd edib. Onu növbəti məğlubiyyətə görə qovmaq daha asan olacaq, nəinki Axundova etiraz etdiyi üçün.
 
Zaur bəylə ukraynalının münaqişədə olduğunu argentinalı Pablo Podio və serbiyalı Nemanya Stoyanoviç olayı da göstərir. Maksimov özünün transfer etmədiyi cütlüyü görmək istəmir, onları heyətə daxil etmir, Axundov isə israrla bu futbolçuların komandada qalacağını bildirir. Sədrin apasport.az saytına açıqlaması da maraqlıdı: “Podio və Stoyanoviç fiziki formalarını düzəltməklə məşğuldular. Oyunlara cəlb olunacaqlar. Əvvəldən də demişdik ki, bəzi futbolçular fiziki cəhətdən tam hazır deyillər. Bu səbəbdən əvəzedici heyətlə birlikdə məşq edirlər. Tezliklə əsas komandaya qoşulacaq və oyunlarda meydana çıxacaqlar”.
 
Bu açıqlama ilə Zaur bəy özü-özünü hədəfə gətirir. Deməli, məşqçi onları istəməməkdə haqlıdı. Bu futbolçular hazır deyilsə, “Keşlə”də nə işləri var? Axı, onlar sınaq matçlarında oynayıblar, üstəlik, komanda Antalya toplanışından təzə qayıdıb. 1 aylıq hazırlıq dövrünün ilk günlərindən düşərgədə olan bu futbolçular fiziki cəhətdən niyə hazır olmasın? Məşqçilər, rəhbərlik hara baxırmış ki, bu səviyyəli oyunçular heyətə qatılıb?
 
“Keşlə” xüsusilə uzun sürən transfer qadağasından sonra seçimlərdə səhvsiz olmalıydı. Reallıq isə göstərir ki, belə deyil. Həm də əvəzedici heyət fiziki hazırlığı yüksəltmək üçün deyil. Orada əsas heyətdən cəzalanaraq göndərilənlər, bir də oyun praktikasından əziyyət çəkənlər oynayır.
 
Axundov danışdıqca batırır. Ondansa susmaq və ya həqiqəti demək daha yaxşı olardı. Çünki 3-4 gündən sonra Maksimov gedəndə sədr daha aciz durumda olacaq.
 
FƏRİD
Shares: