AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, Gənclər Liqasında 2-ci dövrəyə yekun vurulub. Bu gün baş tutan son tur çempionatın liderləri “Qəbələ” və “Qarabağ” arasında mərkəzi qarşılaşma ilə əlamətdar olub. Ağdam təmsilçisinin ev oyununda qalib müəyyənləşməyib – 2:2. 16 matçda 42 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Səfərdə “Mil-Muğan”la qarşılaşan U-17 böyükhesablı qələbə qazanıb – 7:1. 22 görüşdə 57 xal yığan “Qəbələ” yarışın lideridi.
U-16 evdə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. “Qəbələ” 18 matçdan sonra 46 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.
“Zaqatala”nı qəbul edən U-15 böyükhesablı qələbə əldə edib – 7:0. 18 görüşdə 49 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridi.
Paytaxt regionunda çıxış edən U-13 “Əlincə”yə qalib gəlib – 4:1. 14 matçda 37 xal toplayan “Qəbələ” 1-ci pillədə qərarlaşıb.
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında IV dövrəyə start verilib. “Qəbələ” Yevlax UGİM-ini 14:1, Qəbələ UGİM-i Yevlaxın “UGİM-Rabitəçi”sini 2:1 hesabı ilə məğlub edib. 13 oyundan sonra hərəyə 34 xal toplayan “Qəbələ” təmsilçiləri ilk iki pillədə qərarlaşıb.
U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” Yevlax “UGİM-Rabitəçi”sini 22:0, Qəbələ UGİM-i isə İsmayıllı UGİM-ini 10:3 hesabı ilə üstələyib. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 27 xalla 2-cidi.
U-10 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” və UGİM-in oyununda birincilər qələbə qazanıb – 6:1. Gİİ isə Yevlaxın “UGİM-Rabitəçi”sini məğlub edib – 3:0. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, Gİİ 24 xalla 3-cü, UGİM 21 xalla 4-cüdü.
Qızların Yüksək Liqa yarışlarında “Qəbələ” “Veqa”nı 2:1, Şəkinin “Gənclik” komandasını 10:0 hesabı ilə yenib. 11 matçda 28 xal toplayan “qırmızı-qaralar” yarışın lideridi.