"Bu sualı mənə yox, baş məşqçiyə verin. Ondan soruşun ki, məni niyə oynatmır".
Futbolinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Nemanya Stoyanoviç deyib. Qış fasiləsində "Qarabağ” (Vyana) klubundan transfer olunan serbiyalı futbolçu yeni komandasında debüt edə bilməyib. Ancaq ruhdan düşməyən Stoyanoviç baş məşqçi Yuri Maksimovdan şans gözləyir:
"Maksimovun istəyilə komandaya götürülmüşəm. Ancaq oynamamağımla bağlı onunla heç bir söhbətimiz olmayıb. Mənim işim məşqdə bacarığımın 100 faizini göstərməkdi. Kimin oynayıb-oynamayacağına isə baş məşqçi qərar verir. Mən öz şansımı gözləyirəm. İnanıram ki, qarşıdakı oyunlarda meydana çıxacam. Çünki buna layiqəm. Tezliklə nəyə qadir olduğumu meydanda da göstərəcəm".
Maksimovun Topaz Premyer Liqanın 17-ci turunun "Sumqayıt"la oyunundan (1:2) sonra istefa verməsiylə bağlı xəbərlərə münasibət bildirmək istəməyən yarımmüdafiəçi "Keşlə"yə gəldiyiniz üçün peşamansınız" sualına isə bu cür cavab verib: "Maksimovun istefa verməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki mən futbolçuyam. Belə məsələlərə qarışmıram. O ki qaldı peşman olub-olmamağıma, indi bu barədə danışmağın vaxtı deyil. 2 həftədən sonra sizinlə hər şey haqda söhbət edə bilərik".