İndi Zaur Axundov yenə danışmağa və özünü biabır etməyə başlayacaq. Nə idarəetməni bacarır, nə danışmağı. Diplomatiyası da yoxdu. Nə olsun ki, 7-8 vəzifə sahibidi, bu bacarıqlar da neft borusu ilə gəlmir ki, problem olmasın.
“Keşlə”nin baş məşçisi Yuri Maksimovun istefasıyla bağlı xəbəri təkzib etməyə çalışarkən yalan danışan klubun Müşahidə Şurasının sədri olan-qalan hörmətini də itirdi. Ona cavab silləsini elə öz oyunçusu vurdu.
"Keşlə"nin yarımmüdafiəçisi Nemanya Stoyanoviç əsas komandaya düşməməsiylə bağlı sualın cavabında bunları deyib: "Bu sualı mənə yox, baş məşqçiyə verin. Ondan soruşun ki, məni niyə oynatmır. Maksimovun istəyilə komandaya götürülmüşəm. Ancaq oynamamağımla bağlı onunla heç bir söhbətimiz olmayıb. Mənim işim məşqdə bacarığımın 100 faizini göstərməkdi. Kimin oynayıb-oynamayacağına isə baş məşqçi qərar verir. Mən öz şansımı gözləyirəm. İnanıram ki, qarşıdakı oyunlarda meydana çıxacam. Çünki buna layiqəm. Tezliklə nəyə qadir olduğumu meydanda da göstərəcəm. Maksimovun istefa verməsi ilə bağlı heç nə deyə bilmərəm. Çünki mən futbolçuyam. Belə məsələlərə qarışmıram. O ki qaldı peşman olub-olmamağıma, indi bu barədə danışmağın vaxtı deyil. 2 həftədən sonra sizinlə hər şey haqda söhbət edə bilərik".
İndi Axundov buyursun, fiziki hazırlığının zəif olması üzündən əvəzedici heyətə göndərildiyi deyilən oyunçunun əzələlərinin diametrini ölçsün. Zaur bəyin dedikləri hara, Nemanyanın təkzibi hara? Yalan yalan üstə. 40 gün nədi, heç 1 sutka keçməyib. Qaş düzəldərkən göz çıxarmaq buna deyirlər.
Maksimov istefa verib, onu xahiş-minnətlə saxlayıblar. Ukraynalının gəlişində rolu olan, klubun kuratoru Elşad Nəsirov Axundova sakit oturmağı, komandaya bir də müdaxilə etməməyi tapşırıb, Maksimovdan isə söz-söhbət yatana kimi qalmağı xahiş edib. Ortada təzminat məsələsi də var, buna görə məşqçiyə təzyiq etmək asandı. İstədiyin vaxt çıxıb getmək də olmur.
Stoyanoviçin açıqlamasındakı “2 həftədən sonra sizinlə hər şey haqda söhbət edə bilərik” cümləsi də təsadüfi deyil. Təbii ki, futbolçunun müqaviləsi davam edir, həmin vaxt azad ola bilməz. Deməli, məşqçinin gedəcəyi günə işarə edir. Daha 1-2 məğlubiyyət və Maksimov bu dəfə istefa verən yox, qovulan şəxs olacaq.
Axundov bu cür mənasız açıqlama verməkdənsə, reallığı gizlətməkdənsə, məşqçidən hesabat istəsəydi, daha yaxşı olardı. Əksər transferləri ukraynalı edib, komanda isə evdə uğura həsrətdi. Səfərdə zəif “Kəpəz”i yenmək heç nəyi dəyişmir. Maksimov buyursun, “Səbail”i, “Sumqayıt”ı yenə bilməməyin hesabatını versin. Hələ liderlərlə oyunlar qabağdadı.
Amma Zaur bəy səlahiyyət sahibi deyil, ya da kiminsə yanında çəkinəcəyi var. Ona görə də Maksimovun qarşısına çıxmağa, ona söz deməyə cəsarət etmir, gücü 2 cavan uşağı əvəzedici heyətə göndərməyə çatır. Maksimovun gətirdiyi bacarıqsız əcnəbilərdən hansınısa yox ha, klubun kövrək addımlarını indi atan yetirmələrini.
FƏRİD