"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu gün "Keşlə"ylə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra brifinq keçirib. 

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– Bu həftə ad gününü qeyd etdiniz və ilk öncə təbriklərimizi, xoş arzularımızı çatdırırıq. Daha sonra millimizin yoldaşlıq görüşünə keçək. Azərbaycan yığmasında futbolçularınız olduğundan, Belarusla yoldaşlıq görüşünü izləməli idiniz. Bunu stadiondan etdiniz, yoxsa?
– Əvvəla, təbrikə görə çox sağ olun. Əlbəttə, Azərbaycan millisinin dünənki oyununu izlədim. Ancaq stadiondan yox, evdən. Bilirsiniz, nəticəyə önəm verməzdim. Çünki aydın məsələdi ki, bu, məşq xarakterli matçdı, müxtəlif şeyləri, futbolçuları sınamaq lazımdı. Belə oyunçular, milliyə cəlb olunan yeni isimlər də çox idi. Fikrimcə, proses gedir. Şübhə etmirəm ki, Azərbaycan millisi ciddi tərəqqi edəcək.

– İzlədiyiniz matça əsasən hansı oyun dəst-xətti görünürdü, yoxsa hesab edirsiniz ki, bu, hələ tezdi?
– Belə şəkildə şərh, təhlil etmək istəməzdim. Prinsipcə, bunu mən etməli deyiləm. Şübhə etmirəm ki, dediyiniz oyun üslubunu görəcəcəyik. Əminəm ki, məşqçilər korpusu bunun həyata keçməsinə nail olacaq və komandanı tanınan vəziyyətə gətirəcək. 

– Bəs bu oyun haqda nə deyə bilərsiniz? Futbolçulardan istədiyinizi ala bildinizmi?
– Bu gün hər futbolçunun qarşısına əsas bu, məqsəd qoyulmuşdu ki, güclü məşq etsin. Keçirməyə imkanı olduğumuz bu yoxlama oyunu rəsmi maçlarda lazım olanlara çox yaxın idi. Bunu etməyə çalışdıq və hesab edirəm ki, futbolçularımız yaxşı məşq etdilər. Konkret oyunun məzmununa gəlincə, burda təhlil ediləsi bir şey də yoxdu. Çünki prinspicə, hər şey gözlənilən idi. Əsas odur ki, bugünkü matçdan faydalı yararlandığımızı gördüm.  

– Mənfi cəhətləri özünüz üçün qeyd etdiniz?
– Açığı, mənfi cəhətlər var. Bunun konkret hansısa futbolçuyla bağlı olduğunu deməyəcəyəm. Sadəcə, istəyirsən ki, futbolçular onlara göstərdiyimiz düzəlişləri tez həyata keçirsinlər. Heç istəməzsən ki, səhvlər 2-3 dəfə təkrarlansın. 

– Qış fasiləsindən sonra görürük ki, Filip Ozobiç ötən ildə aldığı zədəyə qədər olan oyun kondisiyasında deyil. Sizcə, onun tam hazır olması üçün hələ çox vaxt lazımdı?
– Bilmirəm. Filipə inanıram. Görürəm ki, necə məşq edir, çalışır. 

– Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
– İstənilən qarşılaşmada olduğu kimi, meydana qələbə ümidiylə çıxacağıq. Futbolda hər şey mümkündü. Başa düşüürk ki, bizim üçün ümumiyyətlə, asan oyun yoxdu. Hər bir matç bizim üçün çətindi və xalları qazanmaq heç də asan deyil. Buna görə yaxşı, ciddi mübarizəyə köklənirik. Qələbə qazanmaq üçün yaxşı formada olmalıyıq. 

– "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ikinci yeri hədəfə aldıqlarını bildirib. Bu pilləni də əldən verməkdən ehtiyatlanmırsınız?
– Düşünmürəm ki, 2-ci yeri tutmaq təkcə "Sumqayıt"ın hədəfidi. Fikrimcə, bu pilləni tutmaq istəyən bir sıra komandalar var. O cümlədən, biz də. Ədalətli mübarizənin yekununda gümüş medalın taleyini həll etməliyik. (Sport24)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp