Futbolinfo.az sizi “Zirə"nin baş məşqçisi Ayxan Abbasovun müsahibəsi ilə tanış edir:

– Yoxlama görüşündə "Səbail"ə 3:1 hesabıyla qalib gəldiz. Komandanın hazırlığı necə keçir?
– Milli komandalara görə yaranmış fasilədən səmərəli istifadə etmək istədik. Futbolçular yorğun idi. Bir həftə ərzində intensiv məşqlər edirik. Çalışdıq ki, bunu yaxşı oyunla yekunlaşdıraq. Bu gün “Səbail”ə qarşı yaxşı oynadıq. Hər iki hissədə fərqli futbolçulara şans verdik. Futbolçulardan razıyam. İstəkli olduqlarını gördüm. Bu isə bizi qane edir. Qarşıda 8 matç var. Bunlar çox gərgin keçəcək. Hər oyun final matçı olacaq. Çalışacağıq buna hazır olaq.

– Bu gün çempionatda oynamayan futbolçulara da şans verdiniz. Onların çıxışı sizi razı saldımı?
– Belə fasilələrdə əvəzediciləri komandaya dəvət edirik. Onlar əsas komandanın ab-havasını hiss etməlidirlər. Zədədən əziyyət çəkən futbolçular da var idi. Onlar da zədəni bərpa ediblər. Oynamaq üçün onlara da şans verdik. Ümumi götürsək hər şey normaldır. Komandada çatışmazlıqlar var. Amma oyunçularımın istəkli olmağı məni qane etdi.

– Komanda qış fasiləsindən sonra öz oyununu tapa bilmədi. 3-cü pilləni də əldən verdiniz. 4-cü yerdə də olsanız “Neftçi” sizi yaxından izləyir. Son 8 turda nələr baş verə bilər?
– Komanda oyunun tapa bilmir deməzdim. Oyunumuz var. Sadəcə, qələbə yoxdur. Ona görə futbolçular təzyiqlə üzləşdi. Doğma meydanda “Keşlə” və “Səbail”lə matçda mütləq qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Futbolda belə hallar olur. Futbolçuları buna hazırlamışam ki, hər zaman qalib gələ bilmərik. Bu gün komanda ruhdan düşmür. Qarşıdakı oyunlar bizim üçün daha da stimul olmalıdır. Xallar qazanmalı və itirdiyimiz 3-cü yeri ələ keçirməliyik. Avropa Liqasında da çıxış etmək istəyirik. Bunun üçün axırıncı oyunlara kimi vuruşacağıq.

– “Neftçi” və "Sumqayıt" son turlarda stabil oyun sərgiləyir. Bu “Zirə”yə çətinlik törədəcəkmi?
– “Neftçi” hər zaman çempionluğa və avrokuboklara vəsiqə qazanmaq üçün oynayır. O komandanın gücü bəllidir. Digər komandalar da avrokuboklar üçün iddialıdır. “Sumqayıt” da “Keşlə” də Avropa Liqasını istəyir. Bu komandalarla oyun gərgin olur. Heç kimi rahat məğlub etmək olmur. Tək “Neftçi”yə görə yox digər komandalara da qarşı hazır olmaq lazımdır.

– Mövsümün sonu yaxınlaşır. "Qara siyahı"nıza düşən futbolçular var?
– Hazırda buna vaxtımız yoxdur. Düşünməyə də ehtiyac yoxdur. Qarşıda 8 oyun var. Həmin matçlarda hansı futbolçular şans qazanacaq, bu şansı necə dəyərləndirəcəklər? Bunu zaman göstərəcək. Komandada olan bütün futbolçulara inanırıq. Meydanda dəyişiklər də edirik. Kim hazrıdısa, oynayır.

– Millinin oyununu yəqin ki, izləmisiniz. Bu haqda nə deyə bilərsiniz?
– Milli komanda yaxşı futbol oynadı. Məğlub olsaq da, yeni komanda var. Heyətə də baxsaq görürük ki, bu gün klublarda əsas heyətdə oynayan futbolçulara şans verilib. Elə oyunçular var idii ki, millinin formasını ilk dəfə geyinirdilər. Üstünlük biz də idi. Qol imkanlarından istifadə edə bilmədik. Uyğunlaşmaq üçün komandaya vaxt lazımdır. Gələcəkdə yaxşı olacaq. (Sportal)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp