21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komandamız bu dəfə səfərdə İrlandiya ilə qarşılaşıb.

Qeyd edək ki, bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu idi. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzmuşdu. Bütövlükdə isə komandamız qrupda keçirdiyi 6 oyunda qələbəyə həsrət idi. Beş oyunda məğlub olan millimizin hesabında cəmi 1 heç-heçə var idi.

İrlandiya ilə Bakıdakı oyunda da komandamız 1:3 hesabıyla uduzmuşdu. Lakin səfər oyununda millimiz meydanı qolsuz heç-heçəylə tərk etməyə çox yaxın olduğu halda, yalnız 90+9-cu dəqiqədə buraxdığı yeganə qolla məğlub olub.

Bu gün millimizin yer aldığı 5-ci qrupda daha iki görüş keçirilib. İsrail Norveçlə ev oyununda 1:3 hesabıyla məğlub olubsa, Kosovo da Almaniyanı qəbul edib və qolsuz heç-heçəyə razılaşıb.

AÇ-nin seçmə mərhələsi
5-ci qrup

27 mart
 
İrlandiya – Azərbaycan 1:0
Qol: R.Suini, 90+9.
Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya).
Dublin. Talla stadionu.

İrlandiya: 1. Kiran Ohara, 2. Kori Uelan, 3. Denni Keyn, 4. Rayan Suini, 5. Şon Donnellan, 6. Deklan Rays, 7. Coş Kallen (k), 9. Ris Qreqo-Koks, 10. Rayan Manninq, 11. Ronan Kertis, 13. Ceyk Malrani.
Ehtiyat oyunçular: 16. Liam Bossin, 8. Konnor Dimeyo, 12. Liam Kinsella, 15. Ronan Heyl, 17. Co Kuiqli, 18. Rayan Delani, 20. Olamide Şodipo.
Baş məşqçi: Noel Kinq.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sertan Taşqın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 6. Qismət Alıyev, 8. Budaq Nəsirov, 9. Ramil Şeydayev, 10. Mahir Mədətov, 17. Ozan Can Kökcü, 23. Hacıağa Hacıyev.
Ehtiyat oyunçular: 1. Adbulla Seyidəhmədov, 7. Ehtiram Şahverdiyev, 11. Rövlan Muradov, 14. Ziya Əzizov, 16. Rafael Məhərrəmli, 20. Ömər Buludov. 21. İlkin Muradov.
Baş məşqçi: Rəşad Sadıqov.

Almaniya – 16, İrlandiya – 13, Kosovo – 11, Norveç – 11, İsrail – 7, Azərbaycan – 1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp