Ötən ilin sonunda yığmalarımızda edilən dəyişikliklər çoxlarını ümidləndirməyə başladı.  Hər halda, Qurban Qurbanov, Rəşad Sadıqov, Zaur Həşimov və Ramin Quliyev futbolun içindən çıxmış adamlardı. Yeni sistem, kollektiv iş prinsipi ilə çalışmaq məqsədi gələcəyə nikbin baxmağa ümid verdi.

Ancaq onlardan fərqli, Vüqar Məmmədin yığmada saxlanılması heç başadüşülən olmadı. Millilərdə var-gəl etməklə məşğul olan, futbolçu karyerasında oynadığı ən yaxşı komanda “ANS-Pivani” olan 39 yaşlı məşqçi 2010-cu ildən AFFA-nın “koruması altındadı”.

Zarafat deyil, illərdi U-15, U-16, U-17 yığmalarında məşqçiliyin sirlərini öyrənməklə məşğul idi. Artıq U-19-a, yəni “universitetə” qəbul olunub. Ancaq görünən odu ki, AFFA bu qərarında tələsib, “orta məktəb” şəhadətnaməsini erkən vaxtda verib.

Vüqar Məmmədin yeni komandası 2018-ci ildə heç-heçə bir tərəfə, hətta qol vurmaqda da acizdi. Millimiz əvvəlcə “Neftçi”nin əvəzedicilərinə, ardından isə Türkiyədə Kosovoya iki dəfə, son olaraq da “Antalyaspor”a eyni hesabla (0:1) məğlub oldu. Bu ay isə Bakıya toplanışa gələn Rusiyanın U-19 komandası Vüqar Məmmədə və onun yetirmələrinə “universitet dərsi” keçdilər. “Neftçi”yə, “Antalyaspor”a qol vura bilməyən komanda Rusiyaya vurası deyildi ki… Bu mənada iki görüşdə qapısından 5 top buraxması (0:4, 0:1) təəccüblü olmadı.

Hər uduzan məşqçi kimi, o da “Rəqib güclü idi. Belə komandalarla qüvvəmizi sınamaq üçün bundan sonra da daim axtarışda olacağıq. Turnirlərdə və ya yoxlama oyunlarında bu cür güclü rəqiblərlə oynamalıyıq. Yetirmələrim bacarıqlarını meydanda qoydular”, – deyərək, özünü sığortaladı, üstüörtülü “olanımız budu” mesajını verdi.

Böyük hesabla uduzmasına baxmayaraq, qol vəziyyəti yaratmalarına sevinən, “oyunçularımızdan lazım olanı ala bildik”, deyən məşqçi məğlubiyyətə məhkumdu. Futbolumuzun gələcəyi yenilgi ilə barışan bir məşqçinin əlindədisə, oyunçular da gənc yaşdan “qapazaltı” olmağı normal qəbul edib, qələbə hissinin nə olduğunu bilməyəcəklər.

“Pro” kateqoriyasını almaq adi hal alıb. Hər oxuyan Qvardiola olsaydı, indi mütəxəssis əlindən tərpənmək olmazdı. Rəhmətlik Böyükağa Hacıyev bu kateqoriyanı ala bilmirdi. Amma Azərbaycan klubunu avrokubokun qrupuna çıxaran ilk məşqçi kimi tarixə düşdü.

Kadr dəyişikliyi deyəsən, AFFA-nın rəsmi saytına da öz təsirini göstərib. Ruslar Bakıdakı yoxlama görüşündən sonra Rusiya Futbol İttifaqının rəsmi saytına baş məşqçilərinin fikirlərini yerləşdirə bilirlər, burdan-bura Vüqar Məmmədin 3 cümləlik açıqlamasını yazmağa vaxt tapılmır. Bu azmış kimi, artıq əsas millinin oyunu da önəmsiz hala gəlib.

Hər halda, Makedoniya ilə bugünkü yoldaşlıq görüşü bir önəm kəsb etsəydi, futbolçular bir tərəfə, baş məşqçinin oyunöncəsi açıqlaması qısa da olsa, sayta yerləşdirilərdi. Halbuki, makedoniyalılar rəsmi saytlarında bu matçla bağlı kifayət qədər material yazıblar. Millimizin mətbuat xidməti heç U-21-in seçmə mərhələ görüşündən sonra baş məşqçinin fikrini rəsmi sayta yerləşdirəcək dərəcədə önəmli saymır. Belə olmasaydı, Rəşad Sadıqovun açıqlamasını feysbuk səhifəsində axtarmazdıq.

Deyəsən, bundan sonra yığmalarımızın yalnız qələbəsindən sonra məşqçi fikirlərinə rəsmi saytda rast gələcəyik. Təbii ki, qələbə olsa… (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp