"Bakı" futbol komandasının keçmiş qapıçısı Mustafa Kamal Söyləməz faciəvi şəkildə vəfat edib. 

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper Bakının Yasamal rayonunda kirayədə qaldığı mənzildə dəm qazından boğularaq, ölüb. 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. 

İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, hadisə vaxtı 32 yaşlı türk evdə tək olub.
 
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti basdırılmaq üçün Türkiyə Respublikasına göndəriləcək.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Mustafa Kamal Söyləməz akademiyanın son 3 ayda həyatını itirən 2-ci tələbəsidir. Hadisə ilə əlaqədar "Bakı" klubu başsağlığı mətni yayımlayıb. Mətndə deyilir: "Müxtəlif illərdə klubumuzun şərəfini qorumuş, hamının hörmətini və sevgisini qazanmış Mustafa Kamalın vaxtsız vəfatından hədsiz dərəcədə kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, yerin cənnət olsun, gözəl insan!"

Qeyd edək ki, Mustafa Kemal Söylemez "Bakı"nın heyətində ötən mövsüm həvəskarlar liqasında forma geyinib. Türkiyə doğumlu tələbənin vəfatı barədə ilk xəbəri "ölkə.az" yazıb. (Sportnet)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp