21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seçmə mərhələlərdəki qələbəsiz oyunlar seriyası 10-a çatıb. 

Futbolinfo.az xəbər verir ki, AÇ-2019-un seçmə mərhələsində İrlandiyaya səfərdə uduzan (0:1) yığmamız sonuncu dəfə 2015-ci il noyabrın 17-də qalib gəlib.

Həmin vaxt Rusiya ilə Bakıda 3:0 hesablı qələbə qazanan komandamız artıq 862 gündü 3 xal sevinci yaşamır.

Bu müddətdə komandamız AÇ-2017-nin son üç görüşündə Rusiya (2:2), Farer adaları (1:1) və Finlandiya (0:0) bərabərliklərə imza atıb. Cari tsikldə isə İrlandiya (1:3, 0:1) və Almaniyaya (0:7, 1:6) iki dəfə uduzan komandamız Kosovodan (0:0, 0:2) xal alsa da, İsraillə (1:3) bacarmayıb.

İrlandiyadakı məğlubiyyət Azərbaycan millisi üçün AÇ-2019 xəyalının üstündən xətt çəkib. Onsuz da final mərhələsi barədə xəyalları yalnız kağız üzərində mümkün olan yığmamız bu yenilgidən sonra rəsmən şanslarını itirib.

Belə ki, qrup mərhələsinin sonuna 3 oyun qalmış cəmi 1 xalı olan Rəşad Sadıqovun yetirmələri nəinki final mərhələsinə vəsiqə üçün ümid verən 2-ci yerə, hətta 4-cü pilləyə də şansı qalmayıb. Yığmamız son matçlarda 6 xal gerisində olduğu İsraillə 5-ci yer üçün mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan 9 komanda birbaşa final mərhələsinə yüksələcək. Ən yaxşı nəticəyə malik dörd 2-ci yer sahibi isə pley-offda son iki vəsiqə üçün mübarizə aparacaq. Yarışa San-Marino ilə birlikdə ev sahibliyi edəcək İtaliya isə seçmə oyunlarından azaddı. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp