Toydan sonra nağara?! İlk baxışdan belə görünür. Çünki mövsümün bitiminə 2 ay qalıb və 8-10 oyun üçün legioner transferi qəribə təsir bağışlayır.
 
“Neftçi”dən gələn son xəbər gözlənilməz oldu. Haiti millisinin üzvü Soni Mustivarın birdən-birə bakılıların düşərgəsində peyda olması, hətta rəsmi müqavilə bağlaması bir anlıq çaşqınlıq yaratdı. “Transfer pəncərəsi” çoxdan bağlanıb,üstəlik, komandada yavaş-yavaş daşlar yerinə otururkən, nəticələr yaxşılşırkən bu yeniliyə nə ehtiyac var idi?
 
Sonradan “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun açıqlamasından aydınlaşdı ki, futbolçu onlara ucuz başa gəlib, büdcə aşılmayııb. Üstəlik, o, gələn mövsüm üşün nəzərdə tutulub. Bağlanan 2 aylıq müqavilə dövründə Soni özünü doğrultsa, yeni çempionatda da ölkəmizdə qalacaq.
 
“Neftçi”nin qış transferlərində heç biri özünü doğrultmayıb. Köhnə rəhbərliyin aldığı 3 legioner ehtiyatda qalır və təbii ki, seçimlərin uğursuzluğuna görə baş məşqçi Tərlan Əhmədov da məsuliyyət daşıyır. Bu baxımdan Mayk Kampas ən zəif bənddi. Dayaq yarımmüdafiəçisi o qədər bərbad gündədi ki, hətta onu məşqçilər meydana da buraxmır. Halbuki ən çox maaş alan futbolçulardan biri kimi komanda indi ondan faydalanmalı idi.
 
Təsadüfi deyil ki, Mustivar da yarımmüdafiəçidi. Deməli, komanda dayaq bölgəsindəki oyunu qaydasına sala bilməyib və axtarışlar davam edir. Halbuki, komandaya mərkəz müdafiəçisi, eləcə də hücumçu transferi daha vacibdi.
 
Soninin karyerası pis deyil, videogörüntülərə baxanda da haqqında xoş fikirlər oyanır. Amma yanvardan bu yana oyun praktikasının olmaması sual doğurur. Mustivar formaya düşənə kimi mövsüm qurtaracaq. Deməi, onun nə komandaya uyğunlaşmağa, nə də kömək etməyə ciddi şansı olmayacaq.
 
Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya” və "Orlean” klublarında çıxış edib. Rumıniyanın "Petrolul” və ABŞ-ın "Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış 28 yaşlı yarımmüdafiəçi Haiti milli komandasının şərəfini qoruyur. O, "Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub. "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirən futbolçunun “Neftçi”də nə edəcəyini zaman göstərəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp