21 yaşadək futbolçulardan ibarət millimiz daha 2 seçmə mərhələ matçında uduzdu. Kosovoda 2, İrlandiyada 1 cavabsız qola üzülən yığmamız bununla da sonuncu pillədə “möhkəmləndi”. Qola həsrət qalan komandamızın hücumçusu Mahir Mədətovun bu oyunlarla bağlı fikirləri maraqlı olmalıdı.
“Qarabağ”ın forvardı futbolinfo.az saytına müsahibəsində başqa mətləblərdən də söz açdı.
– U-21 milli komandamız Kosovo və İrlandiya ilə görüşlərdə məğlub oldu. Matç haqqında fikirləriniz necədir?
– Hər iki matçda qələbə qazanmaq üçün çalışdıq, amma alınmadı. İrlandiya ilə matçdan sonra da kefim yoxdu. İnanırsız, heç bilmirəm nə deyim. Kosovo ilə matçda kiçik səhvlərimizə görə uduzduq. İcmala baxsaq, görərik ki, onlardan çox bizim qol epizodlarımız var. Amma sanki son vuruşlar çatmırdı. İrlandiya ilə matçdan isə heç danışmağa dəyməz. Demək olar ki, onlara qol epizodu vermədik. Hakim də 5 dəqiqə əlavə edib 9 dəqiqə oynatdı. Buna artıq nə deyəsən? Deyəsi bir sözüm yoxdu. Sevindirici məqam odur ki, komanda futbol oynayırdı. Heç bir mübarizədən çəkinmirdik. Əvvəlki kimi müdafiədə oturmurduq. Topla oynayırdıq, özümüzə inanırdıq. Komandada inam var idi, atmosfer yaxşı idi. Bu səbəblərdən düşünürəm ki, 2 matçı da yaxşı keçirdik. Təbii ki, nəticəni saymasaq. Hansı ki, əsas da nəticədir. Sadəcə, işimizi davam etdirməliyik.
– Hakimə matçdan sonra etiraz etdiniz?
– Qolun şokundan heç etirazlıq halımız yox idi. Həm də çox güc itirmişdik və hakim haqqında düşünmürdük. Amma bir neçə nəfər ona iradını bildirdi.
– Rəşad Sadıqov oyundan sonra sizə nə dedi?
– “Hər şey qaydasındadır, udmuş qədər varsız” dedi. Bildirdi ki, bu matça deyiləcək söz yoxdur.
– Əsas millinin üzvüsən. U-21-də olanda ürəyin əsas yığma ilə döyünmürdü?
– Əsas millidə oynamağı hamı istəyir. Amma köməyimiz dəyirsə, yaşımız çatırsa, U-21-də də eyni səviyyədə çıxış etməliyəm. Əsas komandanın üzvüyüksə, bura gəlib oynamamaq kimi fikrimiz olmamalıdır. Vicdanımız təmiz olmalıdır ki, bacardığımızı ortaya qoyduq. Əlimizdən gələni etdik. Belə məsələ təkcə bizim millidə olmur. Martin Odeqard kimi futbolçu da gəlib U-21-də çıxış edir, Norveç millisinə kömək əlini uzadır.
– A milli komandanın oyunlarını izləyə bildin?
– Belarusla oyuna baxa bildim. Digərinə isə vaxtımız olmadı. Belarusla matçda qol epizodlarımız oldu. Amma hələ nəsə demək çətindir. Yoxlama matçlarıdır, baş məşqçi hamını sınaqdan keçirir. Kimin nə qədər köməyi dəyə biləcəyini götür-qoy edir. Ümid edirəm ki, hər şey qaydasında olacaq.
FƏRİD