Xəbər verdiyimiz kimi, Almaniyanın “Ayntraxt” klubunun heyətindən kənarlaşdırdığı Renat Dadaşov hazırda qardaşı Rüfətin formasını geyindiyi Regional Liqanın Şimal-Şərq zonasında mübarizə “Dinamo”nun (Berlin) düşərgəsində məşq edir.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisinin transferə çıxardığı millimizin üzvü formasını qorumaq üçün paytaxt klubu ilə hazırlıq keçir. “Dinamo”nun baş məşqçisi Rene Ridleviç Almaniya mətbuatına Renatla bağlı açıqlama verib. O, futbolçumuza tərif yağdırıb:
“Renat yaşına görə çox yüksək keyfiyyətlərə malik futbolçudu. O, məndə çox yaxşı təəssürat oyadıb. Sadə, vicdanlı və xeyirxah insan təsiri bağışlayır”.
Xatırladaq ki, Frankfurt klubunun U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılan 18 yaşlı hücumçunun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.