Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin Kiprin “Anortosis” klubu ilə yolları ayrıla bilər.

Futbolinfo.az “Kerkida” nəşrinə istinadən xəbər verir ki, buna Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin 25 yaşlı yarımmüdafiəçi üçün 150 min avro təzminat istəməsi səbəb göstərilir. Famaqusta təmsilçisinin rəhbərliyinin bu məbləği yüksək hesab etdiyi bildirilib.

Qeyd edək ki, A.Abdullayevin icarə müddəti bu ilin yayı başa çatır. O, indiyə kimi Kipr klubunda 3 qol vurub.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Kipr mətbuatında "Anortosis"də icarə əsasında çıxış edən Araz Abdullayevlə bağlı yayılan xəbərə münasibət bildirib. Klub rəsmisi Qol.az-a açıqlamasında müqavilə ilə "qırmızı-qaralar"a məxsus olan 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfdən onlara hər hansı rəsmi təklif gəlmədiyini söyləyib: 

“Anortosis”lə bağlanmış icarə müqaviləsində belə bir bənd var ki, Kipr klubu mövsümün sonunda 150 min avro təzminat ödəyərək, Arazı birdəfəlik transfer edə bilər. Ancaq onlar hələlik belə təkliflə bizə müraciət etməyiblər”.

Shares: