“Neftçi”nin Topaz Premyer Liqasının XXIV turunda “Qəbələ” ilə ev oyununda (1:0) diqqət çəkən məqamlardan biri komandanın ən böyük azarkeş qrupu “Forza Neftçi”nin tribunada yer almaması idi. Daim komandanın yanında olan, hətta səfər matçlarında da ən yaxşı şəkildə dəstək verən fan-klubun belə addım atması yarımfinaldakı uğursuzluqdan sonra boykot kimi dəyərləndirilir.
 
“Forza Neftçi”nin tribunada olmamasının əsl səbəbini öyrənmək üçün futbolpress.az saytı fan-klubun rəhbəri Sübhan Əliyevlə əlaqə saxlayıb. O, bunun boykot olmadığını, komandanın finala yüksələ bilməməsi ilə əlaqəsiz olduğunu deyib. Əliyev yarımfinal matçından sonra polislərin azarkeşlərə qarşı davranışına etiraz olaraq, belə addım atdıqlarını bildirib: “Hər hansı boykot olmayıb. 5 ildi həmişə komandanın yanında olmuşuq, hər pis gününü görmüşük. Bir yarımfinal oyununa görə heç vaxt boykot eləmərik.  Çünki biz pis günün fanatıyıq. “Qəbələ” ilə oyuna gəlincə, sırf polislərə görə stadionda olmamışıq. Bunun da səbəbi kubok oyunundan sonra uşaqların həbs olunması idi. Əgər getsəydik, polislər daha aqressiv olacaqdı. Buna görə də getməmək qərarı verdik. Bizim istəyimiz stadionda stüard sisteminin tətbiq edilməsidi”.
 
Fan-klub rəhbəri növbəti oyunlarda yenidən komandanın yanında olacaqlarını söyləyib: “İstəyimiz reallaşsa da, reallaşmasa da yenə tribunada yerimizi alacağıq. Sadəcə, biz stüard sisteminin tərəfdarıyıq”.
 
Xatırladaq ki, "Neftçi"nin "Qəbələ" ilə kubokun yarımfinal oyunundan sonra "Forza Neftçi"nin bir neçə üzvü polis tərəfindən saxlanılmışdı.
 
Amma son matça gedilməməsi təkcə polislərin hərəkətlərinə etiraza görə deyil. Fan-klubun sosial şəbəkə hesabına baxdıqda aydın olur ki, “Forza Neftçi” komandadan, əsasən də baş məşqçi Tərlan Əhmədovdan üz döndərib. “Oynadığınız oyun tək futbol deyil elə bil” statusuna yazılan şərhlər də diqqət çəkir. Başqa bir maraqlı status: “Bugünkü heyətdən sonra hər şey məlum olur.Kubok oyununa necə dəyər verdiyiniz göz qabağındadır, Tərlan müəllim”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp