2018-də qələbəyə həsrət qalan “Zirə”nin avrokuboklardan kənar qalması çox realdı. 5-ci pilləyə kimi enən qəsəbə klubu, indi “Sumqayıt”la “Neftçi”nin büdrəməsini gözləməlidi.
 
Düzdü, xal fərqi böyük deyil, hər an bu üçlük arasında yerdəyişmə ola bilər. “Qəbələ” kuboku qazandığı halda hətta 4-cü yerin sahibi də Avropa Liqasına gedəcəyindən, heç kim özünü rahat, eyni zamanda ümidsiz vəziyyətdə hiss etməməlidi. Növbəti 4 turda hər şey mümkündü.
 
Lakin iş ondadı ki, “qartallar”ın probleminin nə olduğunu heç klubun düşərgəsində də bilmirlər. Rəhbərlik, məşqçilər, futbolçular hərəsi uğursuzluğun səbəbini fərqli bir amilə bağlayır.
 
“Zirə”nin prezidenti Natiq İsmayılov: “Əksər qollarımızı yeni gələnlər vurub – Dedov ikisini, Uilyams, Elşən Abdulayev. Eləcə də oyuna ən yaxşı şəkildə töhfəsini verən Urdinovdan razıyıq. Yenilərin ümidi doğrultmadığını düşünmürəm. Sadəcə, bir az bəxtsizlik var. Yeni legionerlərimizin səviyyəsi normaldı”.
“Zirə”nin məşqçisi Elnur Çodarov: “Qışda komandada bir neçə dəyişiklik oldu. Gələnlər gedən futbolçuların yerini doldura bilmədi. Bunun da rolu az olmadı”.
"Zirə"nin futbolçusu Milan Düriç: “Bir söz tapıb deyə bilmirəm. Həqiqətən ağır vəziyyətdəyik. Ayxan Abbasovdan çox məmnunuq. Bəlkə də komanda başqa mütəxəssisə həvalə olunsa və 1-2 oyunda uğur qazanmasaq, futbolçuları cəzalandıracaq. Ancaq sizi əmin edirəm ki, indiki durumda komanda Joze Mourinyoya da həvalə olunsa, vəziyyəti düzəldə bilməyəcək. Təbii ki, mən də, hər bir komanda yoldaşım da bunda günahkarıq”.
 
Xüsusilə məşqçi ilə prezidentin dedikləri arasında təzad var. Əslində, kim haqlıdı; başqa hansı problemlər var – “Zirə” camiəsi bu suallara birlikdə cavab tapmalı və növbəti 4 oyuna köklənməlidi. Hələ gec deyil.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp