Region Liqasının sabahı yoxdu. AFFA-nın yeni təşkil etdiyi yarış pilot layihəsi olsa da və cəmi 11 turu oynanılsa da, indidən məhvə məhkum olduğunu deyə bilərik.
 
Baş katib Elxan Məmmədovun təşəbbüsü ilə dünyaya gələn liqanın varlığı ilə yoxluğu bilinmir. Və maraqlısı odur ki, yarışın təbliğatı hətta AFFA-nın özünə də lazım deyil. Bəlkə də təşkilatçılığın bərbad olması, iştirakçıların xahiş-minnətlə seçilməsinin nəticəsi də ki, qurum özü də bunda maraqlı deyil.
 
Bu yarışla bağlı xeyli sual var. AFFA-nın rəsmi saytında bir çox oyunların nəticələri qeyd edilməyib, təxirə salındığı, yoxsa ləğv olunduğu barədə də məlumat yoxdu. Hələlik  bəlli olan ilk 10 turda 4 texniki nəticənin reallaşmasıdı. XI turdan sonra isə bu say 6-ya çatacaq. Çünki mərkəz zonasında mübarizə aparan “Neftçala” “Füzuli” ilə səfər oyununa yollanmayıb. Şimal Qərb zonasında “Kürmük” (Qax) – “Oğuz” matçı da qonaqların meydanı tərk etməsi səbəbindən başa çatmayıb.
 
Hər dəfə Region Liqasından söz düşəndə, çatışmazlıqlar qabardılanda AFFA rəsmiləri onun həvəskarlar arasında yarış olduğunu, belə çatışmazlıqların mümkünlüyünü vurğulayırlar. Qismən razıyıq, amma qismən. Çünki Həvəskarlar Federasiyası analoji yarışı onsuz da keçirirdi. AFFA bu qurumun keçirdiyi yarışdan narazı olduğu üçün yeni liqa təşkil etdi. Reallıq odur ki, assosiasiyanın təşkil etdiyi yarış daha biabırçıdı. 11 tura 6 texniki məğlubiyyət və nəticəsi naməlum olan bir neçə oyun…
 
Elxan Məmmədovun bütün layihələri kimi Region Liqasının ömrü də 1-2 ildən artıq çəkməyəcək. Niyyət təmiz olmadıqca, sonluğun xeyirli alınması mümkün deyil.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp