Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə sözügedən şəxslər cəzalanacaq.

“Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

Oyunun 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlıya göstərilmiş sarı vərəqə ləğv edilib.

“Neftçi” – “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

Oyunun 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudova göstərilmiş ikinci sarı vərəqə ləğv edilib.

“Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp