Görünür, ya biz Elxan Məmmədovun bacarığını həddindən artıq böyütmüşük, ya da “yuxarılar” onun həm də digər məziyyətlərindən xəbərdardı. Elə olmasaydı, AFFA-da bütün hakimiyyəti əlinə keçirdikdən sonra kölgəyə çəkilib, yeni təyinat gözləyən baş katibin arzusu ürəyində qalmazdı.
 
Ölkə prezidentliyinə növbəti seçkilərdən sonra bir çox kadr islahatları gözlənilirdi və reallaşdı. Yeni nazirlər əsasən gənc nəsil arasından seçildi və bu, alqışlanasıdı. Yeni nəfəsə, daha enerjili kadrlara ehtiyac var idi. Təyinat alanların ümidləri doğruldacağına, ən azı sələflərindən daha yaxşı olacaqlarına ümid var.
 
Lakin yeni nazirlərin siyahısında Məmmədovun adına rast gəlmədik. Son vaxtlar himayədarlarının tövsiyyəsi ilə Gənclər və İdman Nazirliyinin bir sıra tədbirlərində peyda olan, hətta nazir Azad Rəhimovun qatılmadığı yığıncaqlara da baş çəkən Elxan bəyin arzusu ürəyində qaldı. Azad bəy yenidən postuna təyinat aldı, növbəti bir neçə ildə də ölkənin idman siyasətində aparıcı fiqur olacağı aydınlaşdı.
 
Təbii ki, Məmmədovun rəhbər bacarığı var. O, AFFA-dakı fəaliyyəti dövründə bunu sübut edib, 10 ildi müəyyən işlərlə yadda qalıb. Böyük büdcəli təşkilatda xüsusilə infrastrukturun yaradılmasında Elxan bəyin xidməti danılmazdı. Lakin onun əksər layihələrinin iflasa uğraması, idman nəticələrinin daha da pisləşməsinin nəticəsidi ki, Rəhimova xələf seçilməsi təxirə düşdü. Yəqin ki, Azad bəy tezliklə onun ayağını nazirliyin tədbirlərindən də kəsəcək.
 
Elxan bəy mətbuata sızan bu xəbərləri təkzib etməməklə də proseslərdə maraqlı olduğunu göstərdi. Azad bəyin bunu da “nəzərə alacağına” əminik.
 
Məmmədovun personasının təbliğatı çoxdan aparılır. Öncə beynəlxalq futbol qurumlarına can atan, dövlətin əsirgəmədiyi 25 milyon dollarlıq reklam müqaviləsindən faydalanaraq vəzifə sahibi olmaq istəyən Elxan bəyə sədd qoyuldu. Ardınca UEFA İcraiyyə Komitəsinə düşə bilməyən baş katibi indi də hamiləri nazir kimi görmək istəyirdi. Bu dəfə də alınmadı. Deməli, o, hələ mükəmməl idarəçi deyil, çatışmazlıqları çoxdu və bunu məsul şəxslər də görür. Növbəti təyinatlar zamanı isə Elxan bəy artıq cavan kadr sayılmayacaq. Avro-2020-dən sonra hansısa sıradan vəzifəyə göndərilsə, təəccüblənmərik. Katib böyük postlara layiq bilinmədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp