Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, London “Arsenal”ı Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparmış Madrid “Atlletiko”sunu qəbul edib. Bu komandaların duelini erkən final adlandıranlar da var.

Qarşılaşma qonaqlar üçün heç də uğurlu başlamayıb. Belə ki, matçın ilk 10 dəqiqəsində ardıcıl iki sarı vərəqə alan Şime Vrsalko meydandan qovulmaqla komandasını çətin vəziyyətə salıb. Hakimin idarəçiliyindən narazı olan "Atletiko"nun baş məşqçisi Dieqo Simeone də texniki zonadan uzaqlaşdırılıb. Say üstünlüyündən yararlanan londonlular fasiləyə qədər hesabı açıblar. Lakin bundan daha yaxşı istifadə edə bilməyən "topçular" sonda cəzalanıblar. Madrid klubu çətin səfər matçının sonlarında bərabərlik qolunu vurmaqla İspaniyaya sərfəli nəticə ilə qayıtmağa nail olub.

Digər yarımfinal görüşündə isə Marsel “Olimpik”i doğma meydanda “Zalsburq”u qəbul edib. İlk oyun Avstriya təmsilçisi üçün uğursuz alınıb. Fransızlar iki cavabsız qolla qalib gəliblər.

Avropa Liqası
Yarımfinalın ilk oyunları

26 aprel

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) 1:1
Qollar: Lakasett, 61 – Qrizmann, 82.
Qırmızı vərəqə: Vrsalko, 10 (Atletiko).

London. “Arsenal” stadionu

“Olimpik” (Marsel, Fransa) – “Zalsburq” (Avstriya) 2:0
Qollar: Toven, 15. Njie, 63.
Marsel. “Velodrom” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp