Almaniyanın 3-cü Bundesliqa klubu “Proyssen”in baş məşqçisi Marko Antverpen yerli mətbuata müsahibəsində gələn mövsümlə bağlı planlarını açıqlayıb. 

Futbolinfo.az xəbər verir ki, çalışdırıcı yayda transfer edəcəkləri Rüfət Dadaşovla bağlı fikrini də bildirib. O, əsas hücumçu Adriano Qrimaldinin mövsümün sonunda ayrılacağını, bu boşluğu isə məhz Azərbaycan millisinin sabiq forvardı ilə dolduracaqlarını vurğulayıb.

Antverpen gələn mövsümdən oyunu məhz Dadaşovun üzərində quracaqlarını da istisna etməyib: “Düzdü, Adriano Qrimaldi bizim üçün çox şey demək idi. Onun gedişi bir mesajdı. Futbolçu burda qalmaq istəmədiyindən, oyunu kimin üzərində quracağımızla bağlı alternativləri nəzərdən keçirməli olacağıq. Onlardan biri Rüfət Dadaşovdu. Adriano daha kompakt futbolçudu. Rüfət isə texniki cəhətdən güclü və qol duyumu yüksək hücumçudu. Müdafiə xəttimiz, onsuz da, yüksək səviyyədədi. Yarımmüdafiəyə əl gəzdirməli olacağıq. Mən 2 futbolçunun alınmasının tərəfdarıyam. Çünki pleymeykerimiz Martin Debilanskinin arxasında iki orta sahə oyunçusu çıxış edəndə, daha asan olur. Danilo Vebe ağır zədə almasaydı, 4-2-3-1 sxemindən tez-tez yararlanardıq”.

Qeyd edək ki, hazırda Regional Liqada mübarizə aparan Berlin “Dinamo”sunun formasını geyinən Rüfət Dadaşov mövsüm başa çatdıqdan sonra “Proyssen”ə qoşulacaq. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp