Avrokuboklarda 2017/18 mövsümünün ən yaxşı ölkəsi bəlli olub. 

Futbolinfo.az xəbər verir ki, İngiltərə UEFA əmsallarında mövsümün ən yaxşısı adını qazanıb.

Düzdü, qarşıda Çempionlar Liqası və Avropa Liqasında yarımfinalın cavab oyunları ilə final görüşləri qalıb. Lakin son 6 matçın nəticəsi İngiltərənin 1-ci olmasına təsir etməyəcək.

Belə ki, hazırda 19,928 xala malik futbolun yaradıcıları ən yaxın izləyicisi İspaniyanı 1,500 xal qabaqlayır. Pireneylilər mövsümün finişində maksimum 1,428 xal əldə edə bilər. Bunun üçün “Real” Çempionlar Liqasında, “Atletiko” Avropa Liqasında həm kuboku qazanmalı, həm də bütün görüşlərdə qalib gəlməlidi. Lakin bu qazanc da İngiltərəni zirvədən sala bilməyəcək.

Bununla, İspaniyanın UEFA reytinqindəki hegemonluğu sona çatıb. 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərində ardıcıl 4 dəfə 1-ci olan pireneylilər 4 illik hakimiyyəti əldən verib.

İngiltərəyə qədər 1-ci yeri tutan sonuncu ölkə Almaniya idi. Bundesliqa klubları 2012/13 mövsümündə 1-ci olmuşdu.

İngiltərə isə son zəfərindən 10 il sonra mövsümün ən yaxşısı adını qazanıb. Futbolun yaradıcıları 2007/08 mövsümündə hamını qabaqlamışdı.

Qeyd edək ki, bu mövsümdə 4,375 xal toplayan Azərbaycan Avropada 21-ci yeri tutub. Bunun 3,625-i “Qarabağ”ın, 0,750-si “Keşlə”nin, 0,625-i “Zirə”nin, 0,375-i “Qəbələ”nin payına düşür. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp