“Zirə”ylə “Neftçi” sanki avrokuboka getməmək yarışına çıxıb. Mövsüm finişə yaxınlaşdıqca hər iki komanda vacib xallar itirir.
Qəsəbə təmsilçisi bu il qələbənin nə olduğunu bilmir, ona görə də “Qarabağ”a yenilgini təbii qəbul etməliyik. Baxmayaraq ki, çempion son turda 3 xalı sanki qalib gəlmək istəmədiyi matçda qazandı. Məsuliyyətsiz “Zirə” futbolçuları özləri rəqibə hədiyyə etdi. Halbuki cümə günü əldən verilən həmin1 xal bu gün başqa mənzərəni ortaya qoyardı.
“Neftçi” yenidən düşüşdədi. Komanda çempionata düzgün hazırlanmadığından yorğunluq özünü aşkar büruzəverir. Komanda bir müddət formasının pik həddində oldu, lakin məşqçi səhvi üzündən kubokdan ələndikdən sonra ciddi geriləmənin şahidiyik. Fiziki hazırlıqsızlığı görünməz edən motivasiya yerini bədbinliyə verib. Bu gedişlə növbəti turlarda da büdrəmə qaçılmaz olacaq.
“Keşlə” üçün dünənki matçın nəticə baxımından önəmi yox idi. Lakin Yuri Maksimov ağıllı məşqçidi – yetirmələrini kubokun finalına kimi tonusda saxlamaq üçün hər şey edir. O, oyun planını oturdub, belə oyunlarda “Qəbələ” ilə matçın məşqlərini edir. Ara-sıra heyətə də əl gəzdirilir, mümkün rotasiyalara əl atılır. Və komanda təzyiq altında deyil, rahat futbol oynayır, “Neftçi” kimi komandaları yenməklə Maksimov həm də özünü isbatlayır. Qısa müddətdə, sınıq-salxaq heyətlə gördüyü işə görə onu alqışlamaq lazımdı.
Dünənki matçı ukraynalı çalışdırıcı qazandı. O, Tərlan Əhmədovu bütün komponentlərdə yendi. Psixoloji hazırlıq, motivasiya, heyət, taktika seçimi, qələbəni daha çox istəmək – Maksimov artıq neçə oyundu bacarığını sərgiləyir, daha böyük diqqətə layiq olduğunu göstərir.
Əhmədovun 2 konspekti var və onlardan nəticəyə uyğun olaraq istifadə edir. Uğur varsa, pafoslu sözlər, özünüreklam, bir az da rəhbərliyə yarınmaqdan ibarət “buket”, özünü azarkeşlərə sevdirmək üçün edilən jestlər; məğlubiyyət halında oyunçular hədəf seçilir, adlar çəkilir, hər dəfə biri günahkar çıxarılır.
“Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üzr istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılaq” – bu sözlərin müəllifi komandada niyə istək olmamasını özü üçün aydınlaşdırsa, yaxşı olar. Klubda normal mükafat sistemi, konkret hədəf, hər cür şərait var. Belə olan şəraitdə heç bir hədəfi olmayan rəqib daha istəklidisə, deməli, yolunda getməyən nələrsə var.
Əhmədovun istefayla bağlı hər dəfə fərqli açıqlama verməsi narahatçılığın nişanəsidi. Kubok əldən çıxıb, 3-cü yer çıxmaq üzrədi, Avropa Liqasına son vəsiqə də qazanılması çətin məsələyə çevrilib. Bu səbəbdən qovulacağını bilən Tərlan bəy manevr edir, rəhbərliyi “yükləməyə” çalışır. Halbuki elə Maksimovdan nümunə götürmək məsləhətdi. Ukraynalı həm rəqiblərə, həm də rəhbərliyə qarşı döyüşərək minimal imkanlarla ən yaxşıya nail olmaq üzrədi.
“Neftçi” futbolçularının dünən 1:2 hesabıyla uduzduqları matçda istəksiz oynamasında klub rəhbərliyinin də günahı var. Komandanın idman direktoru Ceyhun Sultanovun səsi gündə bir ölkədən gəlir, yay transfer dövrü üçüm legioner axtarışına çıxdığı bəllidi. Hə, bu, vacibdi, heyətə əl gəzdirilməlidi və Sultanov da işini görür. Amma bunu ya gizli şəkildə, sakitcə etmək, ya da 2-3 həftə sonraya saxlamaq lazım idi. Müqaviləsi bitməkdə olan hazırkı əcnəbiləri komandanın hədəfləri düşündürmür. Onlar gedəcəklərini görürlər, rəhbərlik onlara əvəzləyici axtarır. Belədə oyunçular zədədən qorunur, özlərini yeni klubları üçün saxlayırlar və təbii ki, əzmkarlıq göstəmirlər.
Bütün bunları nəzərə alaraq, rəhbərliyin son addımlarının taktiki səhv olduğunu düşünürük. Komandanın motivasiyasız olmasının bir səbəbi də budur. Lakin bu da ən vacib məqam deyil. Ona qalsa, “Keşlə”də hamının taleyi sual altındadı, lakin Maksimov özü kimi aqibəti bilinməyən futbolçuları elə bu faktla motivasiya edir, onları oyuna hazırlayır. Məşqçinin psixoloq bacarığı bu cür anlarda lazımdı. Nizami Hacıyev, Mirhüseyn Seyidov və başqaları vasitəsi ilə qazanılan qələbələr təsadüfi olur.
“Sumqayıt” bu gün qalib gəlsə, 3-cü yerin taleyi böyük ölçüdə həll olunacaq. Belədə 5 xallıq fərq yaranacaq və qalan 3 turda bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. “Neftçi”nin gələn həftə çempionun qonağı olacağını nəzərə alsaq, hətta 4-cü yer də əldən çıxa bilər. Lakin bunun üçün “Zirə” də ayılmalıdı.
FƏRİD