Sumqayıtda 2 Samirin duelində zövqlü futbol izlədik. Bakıdakı oyunlarda qələbə qazanan Abbasova, səfərdə 4 xal almaqla cavab verən Əliyev “Səbail”in baş məşqçi postunun ona boşuna tapşırılmadığını isbatladı.
Qonaqların əziyyətinə kölgə salmaq lazım deyil. “Səbail” 2:1 hesablı qələbəyə görə mühakimə olunmamalıdı. Əliyev əla oyun qurmuşdu və nəticəni də futbolçularının bacarığı hesabına bayram etdi. Xüsusilə qol və məhsuldar ötürmə ilə seçilən Faruk Miya ümumi uğurun açar siması idi. Lakin onun belə parlaq oyununda rəqib futbolçular da “müstəsna” rol oynadı.
Çempionatda xaotik vəziyyətdi. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Zirə”, “Neftçi” və “Sumqayıt”ın hamısının, həm də eyni hesabla uduzması adamın kürkünə birə salır. Əcəba, ssenaridi, yoxsa təsadüf? Biz təsadüf olduğunu düşünürük. Eyni zamanda mübarizənin meydanlardan kabinetlərə, bəlkə də gizli toplantılara sürüşdüyünü ehtimal edirik.
“Səbail”in vurduğu hər iki qolda sağ mərkəz və sağ cinah müdafiəçilərinin səhvi böyük rol oynadı. Təsadüfi deyil, Abasov da Rail Məlikovla Tural Axundovu oyundan aldı. Hansı ki, onlar rəqibə boş zona, zərbə imkanı verməklə şübhə yaratdılar. Railin futbol camiəsində kimlərlə əqidə dostu, kimlərlə çox yaxın olduğu hamıya bəllidi, Turalın adı isə aylardı “Neftçi” və “Zirə”ylə yanaşı hallanır. Kimisə ittiham etmək istəmirik, amma Samirin məhz daim güvəndiyi bu cütlüyü oyundan alması sıradan olay deyildi.
Abasov bəlkə də gec ayıldı, lakin onu qurduğu taktikaya görə qınamaq da olmur. “Sumqayıt” ilk yarıda əldə etdiyi qol vəziyyətlərinin yarısından yararlansaydı, bəlkə də böyükhesablı qələbə qazanardı. Bu zaman müdafiəçilərin səhvləri də bir o qədər yada düşməzdi.
İndi vəziyyət yenə qarışıqdı. 3-cü yeri təmin etmək üçün bütün imkanlara malik “Sumqayıt” “Neftçi”ylə “Zirə”ni yenidən ümidləndirib. Bəlkə də avrokubokların qapısından dönən komanda növbəti turlarda büdrəməməlidi. Bu isə çox çətin olacaq. Abasovun yetirmələri aşkar düşüş yaşayır – kubokda ələnmənin ardınca, ardıcıl 2 ev matçında yenilgi boşuna deyil. Futbolçular yorulub, üstəlik, psixoloji təzyiq də gərginlik yaradır. Samir durumu çözməsə, haqqında deyilən təriflərin dozasının çox olduğu aşkarlanacaq.
“Səbail”in qələbəsi 3-cü yer uğrunda mübarizəyə yeni rəng qatdı. Kubokun finalına çıxan “Qəbələ” gümüş medalı təmin etmək üçün 3 oyunda 4 xal qazanmalıdısa, digər “üçlük” qitə yarışlarına qatılmaq naminə hələ döyüşəcək.
Qalan oyunlar
“Sumqayıt” – 39 xal
“Kəpəz” – səfər
“Qəbələ” – ev
“Zirə” – ev
“Neftçi” – 37 xal
“Qarabağ” – səfər
“Səbail” – ev
“Kəpəz” – səfər
“Zirə” – 35 xal
“Səbail” – səfər
“Kəpəz” – ev
“Sumqayıt” – səfər
CAVAD