Aprel bitir. Yaz fəslinin ikinci ayı ilə birlikdə “Neftçi”nin bir futbolçusu da sıradan çıxır. Daha doğrusu, sıradan çıxıb, mayda və ya sonrakı aylardı dönüşü sual altındadı.
Soni Mustivarın karyerası təhlükədədi. Legioner elə vəziyyətə salınıb ki, hətta komandanın gündəlik məşqlərinə qatılacaq durumda deyil. Aprelin 18-dən bu yana hazırlıqlara qatılmayan yarımmüdafiəçi mövsümün son 3 oyununda da kənarda qala bilər.
Soni paytaxt klubuna martın sonunda qoşulub. Vaxtsız transferi xeyli sual doğursa da, o, göstərdiyi oyunla alqış qazandı. Amma elə bu səbəbdəndi ki, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov onu istismar etdi və axırına çıxdı.
1 ilə yaxın müddətdə futbol oynamayan, heç bir təlim-məşq toplanışı keçməyən legionerin meydana buraxılması sürpriz idi. “Neftçi”yə keçməyinin heç həftəsi tamam olmamış Soni artıq meydanda idi. Aprelin 2-də “Səbail”lə oyunda debüt edən Mustivar, növbəti turda ilk hissəni oynayaraq əvəzləndi. 4 gündən sonra isə o, Qəbələdə əla 90 dəqiqə keçirdi. Kubokun cavab matçında da əvəzlənməyən legioner, buna kimi çempionatda da bütöv matç keçirmişdi.
Yarımfınalın aprelin 18-nə təsadüf edən cavab matçı Soni üçün hələlik son oyundu. 12-18 aprel arasında 3 oyunda 90 dəqiqə forma geyən futbolçu elə yükləndi ki, onun ayağa durması çətin məsələdi. Xüsusilə son matçda onun meydanda ayaqlarını necə sürüdüyünə gözlərimizlə şahid olduq. Ondan sonra “Neftçi” 2 matça çıxıb və heç birində Soninin adı iştirak ərizəsinə salınmayıb. “Keşlə” ilə oyunqabağı onun forma geyəcəyi deyilirdi, lakin dünən öyrəndik ki, futbolçu əzələsini dartıb və hətta məşqlərə də qatılmır.
Bu, bir insanın istismarıdı. Söz yox, futbolçular belə gərgin qrafikdə oynamağa məhkumdu. Lakin söhbət yalnız hazır futbolçulardan gedir. Mustivar isə oyun praktikasından əziyyət çəkirdi, təlim-məşq toplanışında olmamışdı, üstəlik, normal məşq də keçməmişdi. Amma Əhmədov öz postunu qorumaq xatirinə, nəticə vermək üçün futbolçunun karyerası ilə oynadı. İdman direktoru Ceyhun Sultanovun tapıb gətirdiyi, həqiqətən də yaxşı futbolçu olan Sonu məhz məşqçi səhlənkarlığı üzündən indi daha bir neçə ayı boşa verə bilər.
Tərlan bəy 2 həftəyə çox istedadlı bir futbolçunu beləcə məhv etdi. Qışda gəlişinə razılıq verdiyi Mayk Kampas Mustivardan 6 dəfə (!) çox maaş alaraq ehtiyatda qaldığı, digər 2 əcnəbi ara-sıra meydana çıxdığı halda, Soninin istismarı bu məşqçinin bacarıqsızlığının növbəti nümunəsidi.
Əhmədovun çempionatın son turunda uduzduğu “Keşlə”də fərqli mənzərəni xatırlatmaqla müqayisə aparmaq istəyirik. Qışda heyətə cəlb olunan Vaqif Cavadov Sonidən daha yaxşı durumda idi. Lakin Yuri Maksimov onu sındırmadı, hazırladı və komandanın liderinə çevirdi. Mərhələlərlə, zaman-zaman qısa müddətə meydana buraxılan Vaqif indi əla formadadı, son turda “Neftçi”yə qol vurdu, bir dəfə də dirəyi nişan aldı. Məşqçi bacarığı, düzgün strategiya budur. İndi Cavadov qol vuracaq, Mustivar isə ayağını qucaqlayıb Kampas və digərləri kimi havayı maaş alacaq.
Mustivarın “Neftçi” statistikası
2 aprel – 4 dəqiqə
8 aprel – 45 dəqiqə
12 aprel – 90 dəqiqə
15 aprel – 90 dəqiqə
18 aprel – 90 dəqiqə
22 aprel – iştirak ərizəsində yoxdu
28 aprel – iştirak ərizəsində yoxdu
CAVAD