UEFA 2018/19 mövsümünün birinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. Əliyar Ağayev I kateqoriyalı hakimlər qrupuna yüksəlib.

Bozumtul dönəm yaşayan ölkə futbol gündəmini rəngləndirən xəbər oldu.

Bu, bir ilkdir. Azərbaycanlı hakimin I kateqoriyaya yüksəlməsi tək futbol uğuru deyil,  artıq ölkəni də ciddiyə almağın göstəricisidir. UEFA və FIFA belə məsələlərdə detalçı və həssasdır…

***               ***               ***

Mövzu ətrafında işləmək vacibiyyəti və həvəsi yaranır.

Hardan, necə başlayaq?

Əliyarla?
Danışılıb. Fikirlərini bölüşüb, perspektivlərinə də hakimliyi kimi hakim olmaq istədiyindən bəhs edib.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov?

Telefon zənginə cavab verməyi öyrənsin, onadək isə sizinlə bu mövzuda ən vacib və maraqlı həmsöbəti təklif edim.
   
***                  ***                     ***

Uzun illər əvvəl, hələ Əliyarın hakimliyə yeni başladığı vaxtlardır. Azərbaycan hakimliyinə inamsızlıq futbolumuzdakı hərc-mərcliyə düz mütənasib idi. Hər tur hakimlikdən şikayətlər, az qala, hamısının sifarişlə fit çaldığına dair şübhələr…

Əliyarın da hər səhvindən sonra;  qərəzli edib, yoxsa səhvdir – polemikaları…

Həmin ərəfələr idi ki,  oyunların birində "Neftçi"nin lehinə yanlış qərar vermişdi və rezonans yaradan  qərarın səbəblərini araşdırarkən, özümçün mühüm sayılacaq bir arqumenti araşdırıb, yazmışdım. Atası Kərim Ağayev "Neftçi" İSM-in əməkdaşıdır və klubun xeyrinə səhv qərar verməsi niyə də bundan qaynaqlanmasın…

Həmin qeydə iki nəfər reaksiya vermişdi – atası, bir də Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev.

Atası çox təmkinlə qısaca bunu demişdi: "Yazınızı oxudum, vicdanımla deyirəm, mənim bu klubun əməkdaşı olağımın oğlumun hakimliyinə heç bir təsiri ola bilməz. İnanın ki, o, öz şəxsiyyətinə sığışdırmaq belə bir şeyi".

***                  ***                   ***

Ancaq Aslan bəyin, "Hakimlər haqda iddialar yazılanda çoxuyla özüm də razılaşıram. Ancaq ən çox Əliyar Ağayev haqda yazanda diqqətlə araşdırmağınızı istəyərdim" qeydi ətrafında geniş söhbət qurmalı olmuşduq.  "Niyə"lərin geniş müzakirəsindən sonra  eşitdiyim arqumentləri əsaslı qəbul etmişdim. Həm də PFL hakimlərin qış toplanışına medianı da dəvət edirdi – onları hərtərəfli müşahidə eləməyə imkanımız olurdu…

2013/14 mövsümü. Əliyar Ağayev  UEFA-nın II kateqoriya hakimlərinin siyahısına düşəndə sonradan hakimlikdən qovulacaq Anar Salmanov da həmin kateqoriyada idi. Burda istedadın dürüstlüklə vəhdətininin zamanla doğrulmasına dair maraqlı haşiyə də çıxmaq olar.

Həmin dövr üçün ikinci kateqoriya fövqəladə uğur sayılmırdı. Ancaq Anarın qismində ənənə, təcrübə yox, gənclik və müntəzəmlik sintezi irəlilədi və fövqəladə uğur qazandı, irəli addımladı, yeni cığır açdı.

Bunadək isə nə ənənəyə, nə də gəncliyə inam vardı.

Təbii ki,  bu mövzuda ən maraqlı həmsöhbət gənc hakimlərə inanmağın qarantiyasını vermiş  Şahgəldiyev olacaqdı.

– Aslan bəy,  həmişə deyirdiniz ki, hakimlər haqda tənqidlər normaldı, olmalıdı, haqlı olanı da var, haqsızı da, ancaq Əliyar Ağayevə ciddi yanaşmanızı xahiş edirəm…

– Hardasa 8-9 il əvvələ gedib çıxdınız. Yaxşı yadımdadır, həmişə jurnalistlərlə söhbətdə deyərdim ki, gənc hakimlərə daha diqqətli yanaşmaq lazımdır.   Sizinlə söhbətimizdə isə ən çox Əliyarın adını çəkirdim. Həmin ərəfələr Azərbaycan futbolunda qarışıqlıq hökm sürürdü. Mən də klub işindəydim və hər şeyin şahidi olurdum ("Karvan" FK-nın mətbuat katibi – red.). PFL-dəki işimə dəvət alanda Ramin müəllimlə (Ramin Musayev, PFL-in prezidenti – red.) söhbət etmişdim. Hamımız bilirik proseslər necə gedir, bəs necə olacaq – soruşmuşdum, demişdi ki, narahat olma, düzgün olmayan hər bir şey cəzasını alacaq. Ən çox da hakimlikdən yazılırdı. Mediada haqlı-haqsız inamsızlıq təbliğ olunurdu, azarkeşlər hər oyunda onları təhqir edirdi. Təcrübəli hakimlərin bir çoxu özünə qarşı inamsızlıq yaratmışdı, onlara hörmət edən yox idi. Hakimlikdə ciddi islahatlar başladı. Sürətlə gəncləşdirmə getdi və yadımdadır ki, hər addım çox ehtiyatlı atılırdı. Ancaq baxırdım ki, gənclər tam başqa cürdü. Ona görə çəkinmədən deyirdim ki, onlar səhv edəndə bunu qərəz kimi anlamayın. Öyrənəcəklər, bişəcəklər, düzələcək, əsas odur, sifariş, təzyiq  təsir etmir,  inkişaf etmək istəyirlər. Bəli, aralarında ən çox Əliyarı qabardırdım. O, yeni gələndə sanki bataqlıq içində gül idi. Ancaq özünü qorudu, pis niyyətləri yaxın buraxmadı. Həm yaxşı hakim, həm də yaxşı insan – mənə Əliyarı tərifləməyə/tərəfini saxlamağa əsas verən bunlar idi".

***                     ***                      ***

Və zaman gəldi, həqiqətən, riskli sayılacaq proqnozunuz doğruldu. Ona görə riskli ki, indiyədək Azərbaycan futbol hakimliyi bu qədər mühüm səviyyədə təmsil olunmayıb. Hakimliyə qarşı heç bir inamın qalmadığı ərəfələrdə çəkdiyiniz bir ad irəlilədi və böyük uğura nail oldu.

"Bunu biləndə elə sevinmişdim, elə bil, ən əziz insanım uğur qazanıb. Bu futbolumuz üçün çox böyük uğurdur. Ən çox sevindirən odur ki, belə uğuru bu cür insan qazanıb. Bu incə, ancaq çox vacib məqamdır. Qoy həmişə belə insanlar uğur qazansın. 
Vaxt var idi, Əliyari istəməyənlər olmayan şeylərdən danışırdılar. Nə bilim 200 minlik maşını var, şəhərdə 6 otaqlı evi və sairə. Bu insanlar jurnalistləri aldadırdılar. Bilirdilər ki, gənclər uğurlu olacaq, öz üzərində ciddi çalışırlar. Ancaq hər imkanda onların adına şaiyə yayıb, insanları şübhəyə salmağa çalışırdılar. Zaman göstərdi ki, səhvlər olacaq, əsas odur, düzgün yol tut, inkişaf elə".

Doğru proqnoz da uğurlu işin yarısıdır. Şahgəldiyevlə futbol mövzularında söhbətlərimiz daim dəyərli olub. Bəs başqa hansılara görə müsbət fikir, işıqlı proqnoz vermək olar? Özü desin: "Heyf, Ömər Paşayevin səhhətindəki problem ona mane olur. Allah köməyi olsun, tez sağalsın, onun da böyük imkanları var. Ümumiyyətlə, gördüyümüz gənc hakimlərin hər biri haqda müsbət fikir səsləndirmək olar. Əsas odur, niyyət düzgün ola. Elə ölkə kubokunun finalını idarə eləyən Rauf Cabbarovu misal çəkim. Bir müddət əvvələdək deyilirdi ki, atası Gülağa Cabbarov Hakim-İnspektorlar Komitəsinin sədri postundan getdiyi üçün oğlunu da "vuracaqlar". Belə söhbətlər, xəbərlər prosesə çox ziyandır. Həmin adamdan ikiqat iradə tələb edir ki, özünü toparlasın. Rauf alın təriylə, öz zəhmətiylə finalı idarə eləməyə layiq olduğunu göstərmişdi. Mövsümboyu ən yaxşı hakimlik ondaydı. Finalı da yüksək səviyyədə idarə elədi və istəyərəm ki, onun da yolu açılsın. Həqiqətən, hakimlikdə gəncləşdirməyə getmək böyük risk idi, ancaq şükür ki, uğurlu adlar çox oldu. Əvvəlkitək narazılıqlar kütləvi deyil, çox azalıb. Elə sizin sahənizdə – jurnalistikada da belədir. Bir KİV-in təcrübəli rəhbəri başqa sahəyə keçəndə, peşəni tərk edəndə, fikir verirsinizsə, yerinə kimsə gələndə həmin KİV əvvəlki kimi olmur. Yerinə gələn o nüfuzu qaytara bilərmi-bilməzmi… Hər sahədə belədir. İslahat, dəyişiklik riskdir. Ancaq hakimlikdə bu addımlar uğurlu alındı, nəticələr də göz qabağındadı".

Bəs futbol sahəsində başaqa uğur vəd eləyən  adlar varmı – Şahgəldiyevin müşahidəsi maraqlıdır. Sanki idarəçilik problemləri azalmır, klublarda fərqli layihələr gözə dəymir, təşəbbüslər yeknəsəkdir. Fikrini soruşaq:

"Düşünmürəm ki, idarəçilik zəifdir. Sırf futbol menecmenti baxımında vəziyyət yaxşıdır. Uğurlu kadrlarımız var. Ancaq arzulanan səviyyəni görmək istyiriksə, bizdə futbol biznes layihəsinə çevrilməlidir. Belə olmasa, uğurlu kadrlar da gözə dəyməyəcək, önə çıxa bilməyəcək. Avropada belədir. Onlar futboldan gəlir götürür. La Liqanın idarəçilərinin ətrafı biznesmenlərdir. Müasir futbolu əsasən, marketoloqlar idarə edir.  Biz futbolu biznesə, biznesi futbola yaxınlaşdırmalıyıq. Bunlar arasında əlaqə, tələb-təklif rejimi yaranmasa, az əvvəl qeyd etdiyim kimi, arzulanan səviyyəni görmək çətin olacaq.
Hələ şükürlü bir dövrdəyik. İndi-indi futbol klubları futbolyönlü idarə olunur. Vaxtilə 600 min alan oyunçu indi 60 minlik müqaviləyə layiq olmaqçün əziyyət çəkir, özünü göstərməyə, fərqlənməyə çalışır. Belə olmalıdır. Zamanında bu mühiti qurmaq lazım idi. Ölkə futbolunda maliyyənin indikindən qat-qat çox olduğu vaxtlarda lazım idi bu vəziyyətin yaranması. 
Kəmiyyətə qaçırıq. Vaxtilə 14, 16, 18 komanda da olub çempionatda, çempionun son turda bəlli olduğu, rəqabətin indikindən dəfələrlə güclü olduğu ərəfələri birlikdə yaşamışıq, ancaq nə olsun, daxili rəqabət xaricdə uğurla nəticələnirdimi? Ən azı, indiki qədər yox. Deməli, əsas məsələ kəmiyyət yox, keyfiyyətə yönəlməkdir. Həmişə söhbətlərimizdə müzakirə etmişik, olmasın 14, 16, cəmi 10 klub olsun çempionatımızda, ancaq 10 nəfər də ciddi, peşəkar idarəçi təyin edilsin. Onun keyfiyyətli idarəçi komandası olsun. Yalnz bu halda bizim futbolda həm uğur olar, həm də maddi rifah yaxşılaşar"

Geniş söhbətçün təşəkkürlər və ən əsası, doğru proqnozlarınızı yenidən eşitmək diləyilə…

– Mən sizə təşəkkür edirəm ki, bir anlıq 8-10 il əvvələ qaytardınız.

Elçin Cəlilov, Futbolpress

Shares: