Zinəddin Zidan "Real"ın baş məşqçi vəzifəsindən istefa verib. 46 yaşlı mütəxəssis qərarını mətbuat konfransında rəsmən açıqlayıb.
 
Zidan "Real"a 2016-cı il yanvarın 4-də Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında "Kral Klubu" İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.
 
Zidan istefasının səbəbini belə izah edib: "Gördüyümüz işlər ağlasığmazdı. Bu tarixin bir hissəsi olduğum üçün çox məmnunam. Bunu təsəvvür belə edə bilməzdim. Komanda 3 il sonra dəyişikliyə məruz qalmalı idi. Növbəti mövsüm "Real"da davam etməməyi qərara aldım. Komanda daxilində hər şey qaydasında olarkən belə bir qərar almaq təəccüblü ola bilər. Amma bu komanda qazanmağa davam edəcək. 3 il sonra dəyişiklik lazım idi. Bu klubu çox sevirəm. Mənə bu şansı verdikləri və xəyallarımı reallaşdırdığım üçün klub prezidenti Florentino Peresə təşəkkür edirəm".
 
Peres isə bu qərarın onun üçün gözlənilməz olduğunu bəyan edib: “Amma biz bu qərarı hörmətlə qarşılamalıyıq. Zidanın qərarı mənə zərbə oldu. Mən onu fikrindən daşındırmaq istərdim. Amma başa düşürəm ki, bu, mümkün deyil. Ona “Real” üçün etdiklərinə görə təşəkkürümü bildirirəm. Zidanla vidalaşmıram, sadəcə, “görüşənədək” deyirəm. Əgər Zidana istirahət lazımdısa, o, buna layiqdir”.
Shares: