"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev karyerasını başa vurub. Bu barədə qol.az-a açıqlamasında təcrübəli qolkiper özü məlumat verib.
 
O bildirib ki, bundan sonra özünü məşqçi kimi sınayacaq: "Fikirləşdim ki, karyeramı başa vurum. Yavaş-yavaş məşqçilik fəaliyyətinə başlamaq istəyirəm. İşləyə-işləyə də oxuyub elmimi artıraram. Ən azından 1-2 il oynaya bilərdim. Fikrim də var idi. Hətta mövsümün gedişində də açıqlamalarımda bu barədə danışmışdım. Ancaq bir qədər düşünəndən sonra qərara aldım ki, artıq getmək vaxtdır. Məşqçiliyə başlasam, daha yaxşı olar. Açığı, ciddi təklif də gəlmədi. Düzdür, "Sumqayıt" yeni müqavilə bağlamaq istəyirdi. Bəzi təkliflərim də var idi, amma məni razı salmadı".
 
Vəliyev son vaxtlar "Sumqayıt"da ehtiyatda qalmasının və komandanın Avroliqaya düşə bilməməsinin də qərarına təsir etdiyini bildirib: "Bu amillər də qərarıma təsirsiz ötüşmədi. Xeyirlisi nədirsə, o da olsun. "Sumqayıt"a da uğurlar arzu edirəm. Düşünürəm ki, gələcəkdə yaxşı nailiyyətlər əldə edərlər. Futbolçu karyeramı bitirmək mənim üçün ağır olacaq. Adam hər zaman meydanda olmaq istəyir. Futbol mənim üçün həyatdır. Ona görə də bu sahədə qalmaq istəyirəm. Hər bir futbolçu üçün yaşıl meydanlardan ayrılmaq çətin olur".
 
Bundan sonra karyerasını məşqçi kimi davam etdirəcəyini söyləyən Vəliyev 2 klubdan iş təklifi aldığını deyib: "İki klubdan təklif almışam. Bu barədə düşünürəm. Amma adlarını açıqlaya bilmərəm. 1-2 günə qərarımı verəcəm. Hər ikisi Premyer Liqa klubudur".
 
Qeyd edək ki, peşəkar karyerasına 1997-ci ildə Sumqayıtın "Kimyaçı" klubunda başlayan Vəliyev müxtəlif illərdə "Neftçi", "İnter" (indiki "Keşlə") və "Qarabağ" kimi klubların şərəfini qoruyub. 2006-2010-cu illərdə dəvət aldığı Azərbaycan millisində isə 32 oyun keçirib.
Shares: