Sentyabrın 30-da start götürən Yüksək Liqada mövsümə mayın 15-də keçirilən XXVIII turun oyunları ilə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, bu müddət ərzində 84 oyun keçirilməli idi ki, “Xəmsə”nin son iki turda meydana çıxmaması göstəricini 82-yə endirdi.

Ən çox qol vuran…

Mövsüm ərzində 665 qol vuruldu ki, ən çox rəqib qapısına yol tapan “Araz” oldu – 148 qol. Bu göstəricidə autsayder hamıdan geri qaldı. “Xəmsə” cəmi 49 qol vurmağı bacardı.

…Ən az buraxan…

Ən etibarlı müdafiə xətti çempiona məxsusdu. Alesionun drujinası 24 oyunda qapısından 34 top buraxıb. Autsayder “Xəmsə” həm də topu qapısından ən çox çıxarmaqla yadda qaldı.

…Ən çox qələbə qazanan…

Yüksək Liqada komandaların hər biri 24 oyun keçirdi. Ən çox qələbə sevincini də elə “Araz” yaşadı. Bu komanda 21 matçdan maksimum xalla ayrıldı.

…Ən az uduzan

“Araz” cəmi 1 oyunda meydanı xalsız tərk edib. Çempion titulu təmin etdikdən sonra aprelin 28-də keçirilən XXVI turun oyununda uğursuzluqla üzləşib. Olimpik Starda baş turan dueldə Alesionun komandası “Marafon Futsal”a yenilib 4:6. “Araz” iki oyunda da xalları yarı bölüb. Ümumiyyətlə, mövsüm ərzində çempionu büdrədən ilk komanda “Neftçi” olub. VI turun oyununda sona 22 saniyə qalmış Məhəmməd Katebinin qolu “status-kvo”nu bərpa edib 2:2. “Araz”dan sonra məğlubiyyət qrafasında ən aşağı göstərici gümüş medalçı “Marafon Futsal”a məxsusdu. Debütant 6 qarşılaşmada yenilib ki, bunlardan 3-ü “Araz”la dueldə qeydə alınıb. Digər 3 məğlubiyyətdən biri “Neftçi”nin, digəri isə EKOL-un payına düşür. “Yasamal” da debütantı yenməyi bacaran komandalar sırasındadı.

Qələbəsiz “Xəmsə”

Yüksək Liqada mövsümü qələbəsiz başa vuran yeganə komanda “Xəmsə” oldu. Bu komanda heç bir oyunda 3 xal sevinci yaşamadı. Arif Vəliyevin komandası cəmi 2 oyunda heç-heçə etməklə xal hesabı 2-yə çatdırdı. 22 oyunda isə məğlub oldular. Qələbə qrafasında ən az göstərici “Yasamal”a məxsusdu. Əsasən iranlı legionerlərdən qurulan komanda 5 oyunda qələbə sevinci yaşadı.

Erkən və ən gec vurulan qollar

Mövsümün erkən qolu hakimin start fitindən cəmi 24 saniyə sonra vuruldu. XX turun “Xəmsə” – EKOL oyununda Samir Həmzəyev buna nail oldu. Həmin oyunda 6 qol vuran futzalçı komandasının 18:3 hesablı qələbəsində müstəsna rol oynadı. II turda baş tutan “FK.İtaldizain Futsal” – EKOL oyununda Namiq Məmmədkərimovun komandasına qədələ qazandıran yeganə qol isə ən gec vurulandı. Belə ki, həmin qolu izləmək üçün 37:40 saniyə gözləmək gərəkdi.

Bol qollu oyun…

Ən çox qol XX turda keçirilən “Xəmsə” – EKOL oyununda vuruldu. Nominal meydan sahibləri 3, qonaqlar isə 18 dəfə rəqib torunu silkələdi. İki qarşılaşmada isə 1 dəfə top qapı xəttini keçdi. Hər iki oyunda tərəflərdən biri “FK. İtaldizain Futsal” komandasıdı. Bu II turun “FK.İtaldizain Futsal” – EKOL və XV turun “Marafon Futsal” – “FK.İtaldizain Futsal” oyunlarıdı. 

Shares: