İtaliyanın “Roma” klubu növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə xorvatiyalı yarımmüdafiəçi Ante Çoriçlə müqavilə bağlayan paytaxt klubu bu dəfə ispaniyalı müdafiəçi İvan Markanonu sıralarına qatıb. Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu “Roma” ilə müddəti 2021-ci ilin 30 iyununda başa çatacaq müqaviləyə imza atıb. Amma bu müqavilənin daha bir il artırılması barədə də razılıq əldə olunub.

Markanonun son iş yeri “Portu” olub. Lakin onun Portuqaliya təmsilçisi ilə müqaviləsinin müddəti başa çatdığından, İtaliya klubuna azad agent kimi keçib.

“Rasinq”in yetirməsi olan müdafiəçi 2009-cu ilə qədər məhz doğma klubunda oynayıb. Daha sonra ölkəsində “Vilyarreal” və “Xetafe”də də top qovan futbolçu Yunanıstanın “Olimpiakos”, Rusiyanın “Rubin” klubunun şərəfini qoruyub. O, 2014-cü ildən “Portu”da çıxış edirdi.

Shares: