Topaz Premyer Liqasında mübarizə aparan 8 komandadan yalnız 2-si baş məşqçisinə sadiqdi. Digər 6 klubdan 3-ü mövsüm bitən kimi, 2-si qışda, 1-i isə 2 dəfə çalışdırıcısını dəyişdi.
Maraqlı statistikadı. Eyni zamanda qorxunc mənzərədi. Bu, artıq o deməkdi ki, klublarımız sabitliyi, uzunmüddətli iş prinsipini unudub, ani uğur arxasınca qaçır. Düzdü, qovulanlar arasında uzunmüddətli iş təcrübəsi olanlar var, lakin heç birində müddət 3 ili keçmir.
“Qarabağ” çempion olduğundan Qurban Qurbanovun postunda qalması başadüşüləndi. Ayxan Abbasov isə qışdan sonrakı uğursuzluq fonunda postunu qoruya, rəhbərlikdən dəstək görə bildi. Bu mütəxəssisin son illərdə “Zirə”də etdiklərinin mükafatı elə bu olmalıydı.
“Qəbələ” Roman Qriqorçuku Sənan Qurbanovla, “Səbail” Samir Əliyevi Aftandil Hacıyevlə mövsüm bitincə əvəzlədisə, “Sumqayıt” istefa verən Samir Abasova xələf tapa bilmir. Elə baş məşqçi postu vakant olan iki klubdan biri də “kimyaçılar”dı. Elxan Abdullayev, Vəli Qasımov və Füzuli Məmmədovla danışıq aparan sumqayıtlıların hansı qərarı verəcəyi maraqlıdı. Onlar da digər 2 klub kimi debütanta güvənsələr, təəccüblənmərik.
“Keşlə” Zaur Svanadzeni hələ qışa kimi yola saldı. Onu müvəqqəti olaraq əvəz edən Ramiz Məmmədov estafeti Yuri Maksimova çatdırana kimi ciddi heç nəylə yadda qalmadı, ukraynalı isə ölkə kubokunu qazanmaqla kiçik möcüzə reallaşdırdı.
“Kəpəz”də isə işlər tərs getdi. 2-ci dövrə başa çatmamış istefa verən Şahin Diniyevin xələfi olan Yunis Hüseynov daha pis nəticələrlə yadda qaldı və gəncəliləri diviziona göndərən adam kimi xatırlanacaq.
“Neftçi” rekordçudu. Düzdü, say o qədər də böyük deyil, amma hər halda, bu komanda mövsüm ərzində 3 məşqçi gördü, tezliklə yenisi də bəlli olacaq. Elxan Abdullayevin 2 oyunluq bəd siftəsini Elşad Əhmədov davam etdirdi, daha sonra Tərlan Əhmədov təyinat aldı. O da mövsüm bitincə qapı önünə qoyuldu.
Maraqlısı odur ki, Premyer Liqaya gələn “Sabah” da debütünü məşqçi əvəzləməsi ilə “yudu”. Divizionda Arif Əsədovla yol gələn komanda indi Elşad Əhmədova əmanətdi. 9 komandadan 7-də belə dəyiş-düyüşün olması heç yaxşə əlamət deyil.
AĞA