Futbol üzrə Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən olan Kosovo yığması İranla yoldaşlıq oyunundan imtina edib.
Futbolinfo.az xəbər verir ki, bu komandalar arasındakı oyunun iyunun 2-də İstanbulda təşkil olunmalı idi. Lakin Kosovo Futbol Federasiyası bu oyundan imtina etdiklərini açıqlayıb. Onlar bu barədə qərarı İran tərəfinin oyunun azarkeşsiz keçirilməsi tələbindən sonra qəbul etdiklərini açıqlayıblar.
Maraqlıdı ki, İran daha öncə iyunun 2-də Yunanıstan yığmasıyla yoldaşlıq görüşü keçirməyi planlaşdırmışdı. Lakin Türkiyə və Yunanıstan sərhədində 2 yunan vətəndaşının saxlanılmasından sonrakı siyasi gərginlik səbəbindən Yunanıstan Futbol Federasiyası İranla Türkiyədə qarşılaşmaqdan imtina etmişdi. İran buna görə hətta yunanlardan FİFA-ya şikayət də ünvanlayıb. İndi isə Kosovo yığması da yunanlar kimi iranlılarla görüşdən imtina edib. İran tərəfinin millimizin rəqibindən dünya futbol qurumuna şikayət edib-etməyəcəyi hələ bilinmir.
Qeyd edək ki, İran DÇ-2018-də iştirak edəcək. Bu üzdən də onlar mundial öncəsi bir neçə yoxlama oyunu keçirməyi hədəfləmişdilər. Lakin sabaha nəzərdə tutulan Kosovo ilə görüş də ləğv olunduğundan, bu komanda DÇ öncəsi yalnız iyunun 8-də Moskvada Litvaya qarşı keçirəcəkləri yoldaşlıq matçı ilə kifayətlənməli olacaqlar.
İran DÇ-də Mərakeş, İspaniya və Portuqaliya ilə bir qrupda mübarizə aparacaq.