Baş məşqçisini müəyyənləşdirməyən “Neftçi” bu səbəbdən transferlərdə yubanır. Klub rəhbərliyi bəzi oyunçularla danışıq aparsa da, onların keçidini yeni çalışdırıcının razılığından sonra reallaşdıracaq.
 
Soni Mustivar istisna olmaqla, bütün legionerləri yola salacaq bakılılar bəzi yerlilərlə də bağlı qərar verib. Onlardan hələlik yalnız İlkin Qırtımovun qalmayacağı bəllidi. Sabiq baş məşqçi Tərlan Əhmədovun istəyi ilə gələn bu oyunçu indi komandaya lazım deyil. Əvəzində Məhəmməd Mirzəbəyov yenə heyətdə olacaq. Maaşının yarıbayarı azaldılmasına razı olan müdafiəçi komandada saxlanılacaq.
 
Tural Axundov və Dario Federiko yeni məşqçinin təyinatını gözləyir. Müqavilə məsələsində ortaq məxrəcə gələn bu futbolçular yeni mövsümdən “ağ-qara” geyinməlidi.
 
“Neftçi”nin danışıq apardığı, şifahi razılaşdığı futbolçular isə daha çoxdu. Onlardan biri vaxtilə 2 klubumuzda oynamış İbrahima Niassedi. 30 yaşlı seneqallı yarımmüdafiəşi Yunanıstanla vidalaşaraq Bakıya gəlir.
 
Fransada “Nansi”nin ikinci komandasında, İsveçrədə “Ksamaks”, Kiprdə “Apollon” klublarında oynamış bu futbolçu 2012-2013-cü illərdə Bakı “İnter”inin də formasını geyib. 48 oyunda 6 qol vurmuş futbolçu növbəti mövsüm “Qəbələ”də 29 görüşə (1 qol) çıxıb.
 
Daha sonra “Mordoviya” (Rusiya), “Konkordiya” (Rumıniya) klublarında forma geymiş yarımmüdafiəçi Hindistanda da 4 oyun keçirib. 2017-ci ildən Yunanıstan “Levadiakos”unda çıxış edən Niasse burada 31 görüşə çıxaraq 3 qol vurub.
 
Heç bir klubda uzun müddət keçirməyən futbolçunun “Neftçi” aqibətinin necə olacağını deyə bilmərik. Lakin o, vaxtilə başqa klubda oynaya-oynaya bakılılara xeyir verib.2014-cü il mayın 22-də Niasse ölkə kubokunun finalında, “Qəbələ”nin heyətində paytaxt klubuna qarşı çıxış edib və 1:1 başa çatan matçdan sonra, penaltilər seriyasında uğursuz zərbə ilə “Neftçi”nin kubok qazanmasına yardımçı olub.
Shares: