Azərbaycan kubokunu qazanaraq, Avropa Liqasına vəsiqə əldə edən “Keşlə” heyətinə əl gəzdirməyə başlayıb. Paytaxt təmsilçisi ilk olaraq 5 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
 
Bunlar müdafiəçi Məqsəd İsayev, yarımmüdafiəçilər – Pablo Podio, Herve Tçami, hücumçular – Qara Qarayev və Pərdis Fərcad-Azaddı. Hazırda ölkəsində istirahətdə olan baş məşqçi Yuri Maksimov adıçəkilən futbolçuların xidmətində maraqlı deyil. Məqsəd, Qara və Pablonun paytaxt klubunda qalmayacağı dəqiqdi. Müqavilə müddəti başa çatan oyunçulara yeni sözləşmə təklif olunmayacaq (apasport.az).
 
Pərdisin durumu transferlərdən asılıdı. Belə ki, bakılılar yeni hücumçu transferi həyata keçirə bilsələr, milli komandamızın sabiq üzvü yola salınacaq.
 
Adları sadalanan 5 oyunçudan yalnız Tçaminin müqavilə müddəti davam edir. Qışda heyətə cəlb olunan kamerunlu yarımmüdafiəçi gələn ilin yanvarına qədər kluba məxsus olsa da, Maksimov onun ayrılmasının tərəfdarıdı. Rəhbərlik Tçami ilə müqaviləni qarşılıqlı razılıqla pozmağa çalışacaq.
Shares: