“Astana”nın baş məşqçisi olduğum üçün qürur duyuram” – bu sözləri “Qəbələ”dən yenicə ayrılan Roman Qriqorçuk deyib.
 
Bu gün Qazaxıstanın “Astana” klubuna baş məşqçi təyin olunan ukraynalı mütəxəssis təəssüratlarını bölüşüb: “Görülən böyük işlərin sayəsində “Astana” Avropa futbolunda tanındı. Bu, bizim məsuliyyətimizi artırır. Bu komanda qələbə qazanmağa öyrəşib. Mənim işim də məhz bu istiqamətdə olacaq”.
 
Qriqorçuk “mövsümün əvvəlində hazırlıq keçmədiyiniz komandanı qəbul etmək çətin olmadı” sualına bu cür cavab verib: “Bu sual ətrafında çox düşünmüşəm. Mövzu barədə çox danışmaq olar. “Astana” artıq qarşısına yüksək hədəflər qoyulan klub səviyyəsindədir. Yaxşı nəticələr qazanmaq üçün məzmunlu oyun lazımdır. Digər tərəfdən, mən hansısa gərginlik görmürəm. Sadəcə işləmək lazımdır. Mən çox şeyi bacaran komandaya gəlmişəm. İdeal heç nə yoxdur. Nələrisə yaxşılaşdırmaq üçün zaman var. Mən “Astana”ya qələbələrin davamını gətirmək üçün kömək etmək istəyirəm. Mən və komandam hər gün inkişaf etməliyik”.
 
53 yaşlı mütəxəssis bildirib ki, "Qəbələ"dən özünə yeni köməkçi gətirməsinin anlamı yoxdur. O, həmçinin deyib ki, "Astana" ilə ilkin razılığı olub. Yekun qərarı isə bugünlərdə verib. Qriqorçuk Astanaya gəlişinin iyunun 5-də keçiriləcək Qazaxıstan – Azərbaycan matçı ərəfəsinə təsadüf etdiyini vurğulayıb. O, komandada ciddi dəyişikliklər etməyə hazırlaşmadığını diqqətə çatdırıb.
 
Qeyd edək ki, Roman Qriqorçuk "Astana"nın baş məşqçi postunda Qriqori Babayanı əvəzləyib. Bu təyinatdan sonra erməni əsilli Babayan ukraynalı mütəxəssisin əsas köməkçisi olacaq.
Shares: