Tərlan Əhmədovla yolları ayıran "Neftçi" baş məşqçi axtarışlarını davam etdirir. Bu posta əcnəbi gətirməkdə israrlı olan bakılıların siyahısı genişdi.
Marius Şumuditsa ilə danışıqlar hələ bitməyib. Lakin rumın məşqçinin gəlişi ehtimalı çox azdı. Onun açıqlamaları, həddindən artıq danışması, davranışları bakılılara xoş gəlməyib. Bundan başqa, onun az qala hər il klub dəyişməsi də riskli seçim olmasını təsdiqləyir.Bütün bunları nəzərə alan “Neftçi” rəhbərliyi rumınla bu gün sonuncu dəfə danışıb qərarını verəcək.
Bakılıların Canni De Byazi ilə maraqlanması da doğrudu. Paralel olaraq, bu məşqçi ilə də danışıqlar aparılır. Son olaraq İspaniyanın "Alaves" klubunu çalışdıran 61 yaşlı mütəxəssis bizə daha çox Albaniya millisindən tanışdı. Qurban Qurbanovun təyinatı ərəfəsində onun yığma komandamıza gəlişi də aktual idi. O zaman bu variant alınmamışdı, lakin görünür, ölkəmizdəki dostları indi italiyalını eyni xəttlə “Neftçi”yə gətirmək istəyir.
De Byazi İtaliyanın bir neçə klubunu da çalışdırıb. O, Albaniya millisini tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmaqla adından söz etdirmişdi.
“Neftçi”nin hədəfində daha bir italiyalı var. Milan “İnter”ində qısamüddətli işi ilə tanınan Andrea Stramaççioni də bakılılara təklif edilib. Onun ölkəmizə gəlmək üçün böyük məbləğ istəyəcəyi şübhə doğurmur, lakin məşqçi karyerası uğurlu alınmayan bu şəxsin işlədiyi son klublara baxsaq, yola gəlməsi mümkündü.
Stramaççioni “İnter”, “Udineze”, “Panatinaikos” və “Sparta”da (Praqa) işləyib. 42 yaşlı mütəxəssisin bu komandalarda 1 ildən çox qalmaması və hər dəfə daha zəif kluba getməsi onun vizit vərəqindəki mənfi məqamdı. Bu səbəbdən onun “Neftçi”yə gəlişi mümkündü və çox risklidi. Ola bilər ki, hansısa şəxslər onun Milan nəhəngində təsadüfən görünməsini əlində bayraq edib, yaxşı məşqçi olduğunu iddia etsin. Amma reallıq başqadı. O, Çexiya nəhəngini son mövsümdə də çempion edə bilmədi və liderdən aşkar geri qaldı.
“Neftçi”nin necə seçim edəcəyini bilmirik. Ancaq bu məsələdə qərarı təkcə SOCAR, sponsorlar verməməlidi. Bakı klubuna ad-sanlı yox, bacarıqlı məşqçi lazımdı.
CAVAD