“Qarabağ” transfer bazarında ilk həmləsini etdi. Bəzi yerli oyunçularla anlaşmaq üzrə olan, eləcə də “Qəbələ”dən tanıdığımız Filip Ozobiçi heyətinə qatan ağdamlılar ölkə xaricində ilk seçimini etdi.
 
Futbolinfo.az xəbər verir ki, ölkə çempionu Jeffren Suaresi heyətinə qatmaq üzrədi. “Qrasshopers”in vingeri tezliklə ağdamlaların düşərgəsində olacaq.
 
İspaniya “Tenerife”sinin yetirməsi 2 il “Barselona”nın gənclər komandalarında da çıxış edib. Katalonların B komandasında 82 matça çıxan futbolçu əsas heyətdə 22 matçda forma geyib, 3 qol vurub. “Sportinq” (Portuqaliya, 24 oyun, 5 qol), “Valyadolid” (İspaniya, 46 oyun, 3 qol), “Eupen” (Belçika, 36 oyun, 3 qol) klublarında oynadıqdan sonra İsveçrəyə yollanıb. Ötən ildən “Qrasshopers”də çıxış edən futbolçu burada 32 matma çıxıb (5 qol).
 
İspaniyanın U-16 (3 oyun), U-17 (3 oyun), U-19 (11 oyun, 5 qol), U-20 (1 oyun), U-21 (12 oyun, 2 qol) çıxış edən Suares əsas milli komanda kimi vətəni Venesuelanı seçib. Bu Cənubi Amerika millisində 4 oyuna çıxan 30 yaşlı futbolçu ilə danışıqlar yekunlaşmaq üzrədi.
 
“Qarabağ”ın məşqçilərinin uzun müddətdi izlədiyi futbolçu sağ cinahda oynayır. Onun İsveçrə klubu ilə 2019-cu ilə kimi müqaviləsi var. “Qrasshopers” Suaresi “Eupen”dən 500 min avroya almışdı.

Shares: