I divizionun son qalibi “Xəzər” fəaliyyətini dayandırıb. Bununla bağlı klub rəhbərliyinin toplantısı keçirilib və qərara alınıb ki, futbola sərmayə yatırmağın mənası yoxdu.
 
Bu, AFFA-nın lisenziya şərtlərini bəhanə edərək, “Xəzər”i Premyer Liqaya buraxmamasına etiraz olaraq atılan adekvat addımdı. Düzdü, hələ 100 faiz əminliklə söyləmək olmaz ki, bu, aşağı dəstə təmsilçisinin himayədarlarının yekun qərarıdı. Önümüzdəki həftələrdə bu məsələyə son kərə qayıdılması nəzərdə tutulub (sportinfo.az).
 
Çünki yaxın çevrəsi klubun hamisi Emin Zeynalovdan “Xəzər”i dağıtmamasını xahiş edib. O isə birinci ilində futbola 600 min manat vəsait xərcləməsini əsas gətirərək, federasiyadan kəskin şəkildə narazı olduğunu bildirib.
 
“Xəzər”in arxasında “ZZ Group” dayanıb. Bu şirkətlər qrupu hazırda idmanla bağlı digər layihələri nəzərdən keçirir.
 
“Xəzər”in belə səssizcə aradan çıxması öz işidi. Lakin təcrübə göstərdi ki, ciddi işlərlə ciddi adamlar məşğul olmalıdı. AFFA-nın qərarına rəsmi etiraz etməyə belə cəsarəti çatmayanlar ya işbilməzlər, ya da hansısa qorxusu olanlardı. Kölgəyə çəkilən, gizlənən bu adamlardan idarəçi olmaz. Ona görə də “Xəzər” mövzusunu qapatmaq və bu insanların üstündən xətt çəkmək lazımdı. Qoy, gedib biznesləri ilə məşğul olsunlar.
Shares: