3 ölkədən 4 məşqçi ilə danışıq aparan “Neftçi”nin hədəfindəki son şəxs də bəllidi. Tərlan Əhmədovla yolları ayıran bakılılar rumın Marius Şumuditsa, italiyalılar – Canni De Byazi və Andrea Stramaççioni ilə yanaşı, Hollandiyada da axtarışdadı.
 
Futbolinfo.az saytının əldə etdiyi özəl məlumata görə, paytaxt klubu dünyaca məşhur Ruud Qullitlə təmasdadı. Hollandiya millisi ilə 1988-ci ildə Avropa çempionu omuş sabiq futbolçu fasilə verdiyi məşqçilik karyerasına ölkəmizdə davam edə bilər.
 
55 yaşlı sabiq yarımmüdafiəçi futbolçu kimi daha çox “Milan”dakı çıxışı ilə tanınır. Klub karyerası möhtəşəm olan Ruud Hollandiya millisində 66 matçda 17 qol vurmaqla yadda qalıb. Oynayan məşqçi kimi 2 il “Çelsi”də görünən Qullit 1998-99 cu illərdə “Nyukasl”da çalışıb. Lakin buradakı uğursuzluq ona 2004-cü ilə kimi işsiz qalmaq bahasına başa gəlib. “Feyenoord”da da uğursuz mövsüç keçirdikdən sonra daha bir il fasilə reallaşıb və hollandiyalı 2007-08-ci illəri ABŞ-da, “Los Anceles Qalaksi”də keçirib. 2011-ci ildə “Terek”də (Rusiya) qısamüddətli fəaliyyətdən sonra heç kimə lazım olmayan Ruud hazırda milli komandada köməkçidi.
 
Təbii ki, ad olaraq Qullit əfsanələrdəndi, lakin məşqçi kimi onun hansısa bacarığından, nəticəsindən danışa bilmirik. Bu səbəbdən “Neftçi”nin ona niyə müştəri düşdüyü anlaşılmazdı. Ruud həm də həddindən artıq yüksək ödənişli biri olacaq ki, paytaxt təmsilçisinə indi belə yük lazım deyil.
ruud gullit - Futbolinfo.az
 
“Neftçi”nin xaricdə məşqçi axtarışı heç də klub rəhbərliyinin ideyası deyil. Bu tapşırıq birbaşa SOCAR-dan gəlib. Sponsorlar yeni mövsümdə büdcəni artırmaq və uğursuz dönəmi bitirmək üçün hər cür fədakarlığa hazırdı. Postsovet məkanından məşqçi gətirilməsinə qadağa qoyulub və yalnız ünlü similar hədəfə götürülüb. Təəssüf ki, bacarıq, iş səriştəsi arxa plana atılıb və Berti Foqts, Karlos Alberto Torres kimi simaları yalnız reklam xatirinə Azərbaycan futboluna calaq edənlər yenə iş başındadı. Tanınan adlar həm də büdcənin şişirdilməsi üçün şansdı və bəzi qüvvələr bundan istifadə etmək istəyir.
 
“Qarabağ”ın hegemonluğuna son qoyulması üçün riskə gedənlər indiki “Neftçi” rəhbərliyini də məsuliyyət altında qoyur. Çünki nəticə olmayanda heç kim yuxarıdakıları yada salmayacaq. Zatən onlar illərdi eyni karuseli fırladır. Hər dəfə hansısa klub rəhbərləri qurban verilir və bu dəfə də Kamran Quliyevi belə təhlükə gözləyir. Adı siyahıda olan məşqçilərin heç biri “Neftçi”ni böhrandan çıxaracaq səviyyədə deyil. Amma büdcə artırılır, maliyyə xərclənəcək, nəticə olmayacaq, kimlərsə qurban veriləcək.
 
“Neftçi”nin büdcəsinin necə artacağı da bəllidi. Artıq eyniadlı futzal klubu bağlanıb, eyni mənbədən maliyyələşən divizion klubu “Qaradağ Lökbatan”ın fəaliyyəti dayandırılıb. İndi bütün maliyyə “ağ-qaralar”a yönəldilib. Lakin bu strategiya uğura ümid vermir.
 
İnanmaq istəyirik ki, bu adlar yalnız yalançı manevrlərdi və “Neftçi” həqiqətən bacarıqlı mütəxəssisə tapşırılacaq. Stramaççioni, Qullit kimi adlar həm də böyük xərclər tələb edən oyunçu transferləri deməkdi. Onun fəsadları isə böyük ola bilər. Hans-Yürgen Gede faciəsi hələ də unudulmayıb. “Xəzər Lənkəran”ı, “Bakı”nı çökdürən səbəblərin “Neftçi”də özünü büruzə verməsi fiaskoya səbəb ola bilər.
 
FƏRİD
Shares: