Son ölkə kubokunun qalibi “Keşlə” ilk transferini reallaşdırıb. Paytaxt təmsilçisi Azər Salahlıyla 1 illik müqavilə imzalayıb.
2012-1015-ci illər aralığında “Keşlə”nin sələfi “İnter”də çıxış edən cinah müdafiəçisi daha sonra “Qarabağ”a transfer edilib. Ötən mövsümü “Sumqayıt”ın uğurları üçün çalışan 24 yaşlı futbolçu növbəti mövsüm yenidən “Keşlə”də çıxış edəcək (sport24.az).
“Keşlə” bununla müdafiə xəttinə transferlərini bitirmək fikrində deyil. Daha öncə Slavik Alxasovla müqaviləni yeniləyərək 2 illik sövdələşməyə imza atan klub, “Qarabağ”dan ayrılan Elvin Yunuszadəni də sıralarında görmək niyyətindədi. Bu da komandanın müdafiə xəttinin onurğa sütunu hesab edilən Adrian Skarlatake və ya Denis Silvanın “Keşlə”nin “qara siyahı”sına düşmək ehtimalını artırır. Adrianla yeni müqavilənin razılaşdırıldığını nəzərə alsaq, Denisin vəziyyəti yaxşı olmayacaq.