Yeni mövsümün hazırlıqlarına başlayan “Zirə” dünən Bakı Olimpiya Kompleksinin yardımçı meydanında növbəti məşqinə çıxdı. “Qartallar” yenilənən heyəti ilə iyunun 22-dən toplanışa start verib.
 
Futbolinfo.az xəbər verir ki, komanda əcnəbilərinin əksəriyyətini yola salıb. Aleksandr Dedov, Sadio Tounkara, Riçard Qadze və Jozef Bum yeni mövsümdə də qəsəbə təmsilçisinin formasını geyməlidi. Amma sonuncu 2 nəfərin taleyi hələlik naməlumdu.
 
Belə ki, baş məşqçi Ayxan Abbasov Riçardın oyunundan razı deyil. Futbolçu özünə müştəri tapsa, iş yerini dəyişəcək. Bu səbəbdən onun ölkəmizə gəlməsi məsləhət bilinməyib. Yalnız daha yaxşı hücumçu tapılmazsa, Qadzenin dönüşü müzakirə oluna bilər.
 
Dedov dünəndən məşqlərə qoşulubsa, Sadio da sabah Bakıda olacaq. Dünənki məşqə qatılmayan Bumun vəziyyəti isə fərqlidi. Klubla müqaviləsi davam edən kamerunlu düşərgəyə gəlməyib. Ailə problemlərini bəhanə edən legioner aldığı yeni təklifi dəyərlənirmək niyyətindədi. “Zirə” onun gedişinə razı deyil və futbolçudan müqavilə şərtlərinə əməl etməsini gözləyir. Bumsa məşqlərə qoşulmadığından artıq ilk səhvi edib.
 
Bizdə olan bilgiyə görə, klub daha 2 gün Jozefin yolunu gözləyəcək. Üzrlü səbəb göstərmədən hazırlıqdan yayınan Bum Azərbaycana qayıtmasa, onunla bağlı FIFA-ya şikayət ediləcək.
 
“Zirə”nin məşqçilər korpusu heyəti gücləndirmək barədə də düşünür. 5 legioner gətirmək planlaşdırılır və onlar əsasən müdafiənin mərkəzinə, dayaq bölgəyə və hücum xəttinə nəzərdə tutulub. Cinah müdafiəçisi və pleymeyker transferi də mümkündü. Lakin klub tələsmir və büdcəsinə uyğun olan keyfiyyətli əcnəbiləri axtarır.
 
Artıq qarşıdakı həftədən düşərgəyə yeni oyunçular gəlməlidi. İyulun 19-dək Bakıda olacaq “Zirə” bu müddətdə transferləri yekunlaşdırmaq və Türkiyədəki son mərhələdə yalnız sınaq oyunlarına üstünlük vermək niyyətindədi.
Shares: