Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət milli komandamız Bakıda təlim-məşq toplanışı keçirəcək.

Futbolinfo.az xəbər verir ki, iyulun 5-dən 27-dək davam edəcək toplanışa baş məşqçi Vüqar Məmməd 24 futbolçu çağırıb. Mütəxəssis toplanış öncəsi fikirlərini bildirib:

"Bu toplanış digərlərindən fərqlidi. Məsələ burasındadır ki, toplanışa dəvət olunanlar demək olar ki, millinin əsas heyətini formalaşdıracaq futbolçulardı. Toplanış həm Sankt Peterburqda  keçiriləcək Qranatkin turnirinə, həm də Avropa Çempionatına hazırlıq məqsədi daşıyır. Qranatkin turniri Avropa Çempionatından əvvəl bizim üçün önəmli  beynəlxalq turnir olacaq". 

Mütəxəssis Avropa Çempionatındakı rəqiblər barədə də danışıb: "Avropa çempionatında Gürcüstan, İsrail və Lixtenşteynlə mübarizə aparacağıq. Gürcüstan və İsrailin oyunlarını məşqçi heyətimizlə birgə analiz etmişik, gedib oyunlarına canlı da baxmışıq. Yalnız Lixtenşteynin oyunlarının diskləri hələ əlimizə çatmayıb. Amma onlar haqqında da məlumatlıyıq. Real duruma baxsaq, heç bir rəqibdən çəkinmirik və onlarla başabaş mübarizə aparmaq gücündəyik. Bütün futbolçulara inanıram və uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, 19 yaşlı futbolçulardan ibarət millimiz 15 iyulda  “Keşlə” (əvəzedici), 18 və 21 iyulda  “Qəbələ” (əvəzedici), iyulun 24-də MOİK, 27 iyulda isə “Şüvəlan”la yoxlama oyunları keçirəcək.

Shares: