Avqustun 6-da Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Tədbir III təsnifat mərhələsi başlamadan öncə keçiriləcək.
Bu üzdən də mərasimdə mübarizəyə birbaşa pley-offdan qatılan klublar, həmçinin əvvəlki raundun cütləri iştirak edəcək. Bu cütlər isə iki gün davam edəcək II təsnifat mərhələsinin cavab matçlarından sonra dəqiqləşəcək.
Püşkatmada mümkün rəqibi bilinəcək komandalar arasında Azərbaycan çempionu “Qarabağ”ın da olması gözlənilir. Sabah Albaniyanın “Kukesi” klubunu qəbul edəcək Ağdam klubu bu səddi adlasa, cütlük şəklində püşkə qatılacaq. Təmsilçimiz ya Belarus BATE-si, ya da Finlandiya HİK-i ilə ikili şəklində rəqibini tanıyacaq.
Bu komandalar arasında ən yüksək reytinqə “Qarabağ” malikdi. Bu üzdən də cütlük məhz çempionumuzun xalına görə səbətini tanıyacaq.
Amma Qurban Qurbanovun yetirmələri indiki durumda pley-offun Çempionlar yolundakı 8 mümkün iştirakçısı arasında ən aşağı reytinqlisidi. Bu isə o deməkdi ki, təmsilçimiz böyük ehtimalla, əvvəlki 3 raunddan fərqli olaraq, səpələnməmişlər sırasında yer alacaq. “Qarabağ” səpələnmişlər sırasına düşmək şansı da qalır. Bunun üçün daha yüksək reytinqə malik 7 komandadan heç olmasa 4-ü püşkdən kənar qalmalıdı.
Hollandiya PSV-si və İsveçrə “Yanq Boyz”u mübarizəyə pley-offdan, Avstriya “Zalsburq”u isə III təsnifat mərhələsindən qoşulacaq. Elə bu səbəbdən də “Qarabağ”ın BATE və ya HİK-lə təşkil edəcəyi cüt 3 ən reytinqli sırasında yer ala bilməyəcək (apasport.az).
Çempionumuz “Kukesi”ni keçsə, səpələnmək üçün özü üçün maraq kəsb edən 4 cütdə 4 sensasiya – yüksək reytinqlinin büdrəməsini gözləməlidi. Söhbət “Lüdoqorets” (Bolqarıstan), “Seltik” (Şotlandiya), “Legiya” (Polşa) və “Astana”dan (Qazaxıstan) gedir.
Əslində, bu qədər sensasiya inandırıcı görünmür. Lakin ilk oyunların nəticələri II təsnifat mərhələsində çıxış edən və reytinqi “Qarabağ”dan yüksək olanların hamısının büdrəmə ehtimalını saxlayıb.
Evdə “Spartak”a (Slovakiya) 2 top fərqilə uduzan “Legiya”nın artıq hesabdan silindiyini demək olar. “Lüdoqorets” Macarıstan səfərində “Videoton”un qonağı olacaq və qolsuz ev oyunundan sonra mərhələ keçməsi asan görünmür. “Astana”nın Danimarka, “Seltik”in Norveç səfərində üstünlüyü itirməsinə də ümid etmək olar. Çünki qazaxıstanlılar “Midtyulland”ı 2:1, “Seltik” “Rusenborq”u 3:1 hesabı ilə məğlub edib.