"Oyuna ciddi hazırlaşmışıq. Bilirik ki, bizim üçün asan matç olmayacaq” – bu sözləri "Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib.
Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah "Qarabağ”la cavab qarşılaşması keçirəcək. Oyun ərəfəsində düzənlənən mətbuat konfransında Kunqu fikirlərini bölüşüb: "Futbol sürprizləri sevən idman növüdü. Sabah şansımızdan yararlanmağa çalışacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq”.
– Penaltilər seriyasına ümid edəcəksiz, yoxsa 90 dəqiqəyə məsələni həll etmək niyətindəsiz?
– Hər şey ola bilər. Təbii, 90 dəqiqədə həll etmək istərdik. Ancaq istənilən vəziyyətə hazırıq.
– Komandanın futbolçularının Bakıya hissə-hissə gəlib. Səbəb nədi?
– Belə halın yaşanması xoş deyil. Viza ilə bağlı idi. Kosovo vətəndaşını gətirə bilmədik. Ancaq futbol oynayırıq. Siyasi bir hadisənin iştirakçısı olmaq istəmirik. Çalışacağıq ilk oyundakı kimi çıxış edək və qələbə qazanaq.
– İki futbolçunuz Valon Ethemi və Rustem Xoca "Keşlə” ilə danışıq aparır. Bu barədə məlumatınız varmı?
– Xeyr, məlumatım yoxdu. Hazırda bu haqda düşünmürəm. Rəsmi bir şey yoxdu. Bəlkə də, kimsə buna gizlicə cəhd edə bilər.
– Evdə müdafiəyə qapandız. Sabah da eyni "Kukesi” görəcəyik?
– Burda jurnalistlərin sualları bizi daha çox təzyiq altına salır. Evdəki oyun zamanı belə suallar verilmirdi. Nəticə qazanmağa çalışırıq. Bizim üçün əsas nəticədi. 80 dəqiqə uğurlu çıxış edib, bir anlıq səhvlə hər şeyi məhv edə bilərsən. Biz səhv etməməyə çalışacağıq.
– Oyuna artıq 15 mindən çox bilet satılıb. Bu fakt sizə əlavə çətinlik yaratmayacaq?
– Bizim üçün birinci hal deyil. Bundan daha çox azarkeş qarşısında oynamışıq. Oyunçularım peşəkardılar. Özüm də futbolçu olduğum dönəmdə dolu tribuna önündə oynamışam. Bizim üçün bir problem yoxdu.
– "Qarabağ”dan fərqli, siz ölkə çempionu deyilsiz. Sabah uğursuzluq olarsa, səbəblərdən biri kimi bunu göstərmək olarmı?
– Son 6 ildə daim avtokuboklarda çıxış etmişik. Hörmətə layiq komandayıq. Çempionlar Liqasında "Qarabağ” kimi böyük klubla qarşılaşmaq böyük uğurdu. Burda bütün Albaniyanı təmsil edirik.