Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa nəhəngi İtaliyanın "Torino" klubunun və Serbiya milli komandasının futbolçusu Adem Lyayiçi heyətinə qatıb.

Türkiyə mətbuatının yazdığına görə, “qara qartallar” artıq İstanbulda olan 27 yaşlı yarımmüdafiəçinin klubu və özü ilə razılıq əldə edib. Lyayiç 1 illik icarə əsasında "Beşiktaş"da çıxış edəcək. Mövsümün sonunda isə İstanbul klubu İtaliya təmsilçisinə 6,5 milyon avro təzminat ödəməklə, Ademi birdəfəlik transfer edəcək. Bir illik icarə üçün isə 1,5 milyon avro ödənilməsi nəzərdə tutulub. “Beşiktaş”ın tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir.

Lyayiç karyerasına ölkəsinin “Partizan” klubunda başlayıb. 2009-cu ildə isə o, bu klubdan İtaliya təmsilçisi “Fiorentina”ya transfer olunub. 2013-cü ildə digər İtaliya nəhəngi “Roma” 12 milyon avro ödəməklə onu heyətinə qatıb. Serb futbolçu 2015/16 mövsümündə icarə əsasında Milan “İnter”ində forma geyinib. 2016-cı ildə isə “Torino” bu futbolçu üçün 9 milyon avro təzminat ödəməklə heyətinə qatıb. Yarımmüdafiəçi ötən mövsüm Turin klubunun heyətində 28 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, Serbiya millisinin DÇ-2018-dəki heyətində də yer alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp