Gündəm…
Günlərimiz də "dəm"dir. Gündəmimiz "sərxoş"laşıb. "Pənco-pənco" ilə bir gün "yıxıb-sürülmə"lər, səhərisi gün "paxmel"dən bəy tərifləri, sonrası isə "başağrı"dan gündəmin yenidən dəyişməsi…
Gün"dəm"in heç ayıq vaxtı olmur. Ayıq olanlar ha desinlər ki, "dəm" olmayın, ayıq olun, ayıq başlı olun. Heç gündəmin "dəm"inə də deyil. Gündəmin "dəm"indən günü-gündən qəmləşirlər ayıqlar…
Əvvəl günün "nəbzi"ni tutardılar. İndi gündəmin "dəm"liyindən təzyiqlər də var-gəl edir. Gah düşür, gah qalxır. Lap Ta(ə)rif Şurası kimi. Şura adı gələn kimi "müasir futbolumuz" yada düşür…
Futbolun şuralaşmış cəmiyyətində "Qarabağ" ayıq başla gündəmi zəbt edib. Nə qədər çalışırlar ki, ağdamlılar da "Ağdam" çaxırı ilə gündəmə uyğun "dəm"ləşsinlər, dəmləşmirlər ki, dəmləşmirlər…
Son həftələr gündəm necə "dəm"ləşmişdisə yıxılıb sürünə-sürünə "sürüyürdülər". "Vıtrezvitel" ("ayıltma məntəqəsi") də çatdıra bilmirdi…
Gündəmin "dəm"liyindən ayıq düşünənlər da azalıb, mühasirəyə alınıb. "Dəm"li "işquran"ların "vıtrezvitel"lərə ehtiyacı da yoxdur. Gündəmin "paxmel"liyi daha sərfəlidir…
Ayıq başlar isə bir qrupdur. Ona görə də qrupdadılar…
Gündəmin əsl "dəm"lərinin dozası kifayət etmədi. Dünənki axşamdan "dəmli-dəmli", suyu süzülə-süzülə bu günkü qəmli gün"dəm"ə qədəm qoyublar. Gündəmi dəyişmək, "po sto qram"ı artırmaq üçün növbəti planlar cızılır…
Gündəmin "dəm"indən "çujoy paxmelə" gedənlərin ayılma zamanıdır. Onda gündəmi "dəm"ləşdirənlər ayıqlar qarşısında daha da "dəm"ləşəcək, özləri yıxılıb sürünəcəklər…
Gündəm isə dəyişmir ki, dəyişmir…
Dünən "yıxıb-sürülən"lərin sayəsində qruplar görənlər, arsenalını daha müasir "silah"larla gücləndirənləri indi də gün"dəm"də "erməni konyak"ları ilə "dəm"ləşdirirlər. Ən azından ayıq başlı "çujoy paxmel"lər ayılmamalıdır…
Millətin növbəti "paxmel" əməliyyatı qaldı ağıllı "ideoloq-dəm"lərin Millətlər Liqasına…
5-10 gün qalıb. Görəsən millət Millətlər Liqasına kimi gündəmin "erməni konyakı"nın "dəm"liyindən ayılacaqmı?!
"Vıtrezvitel"lər çoxdan ləğv edilib. Özünüdərketmə zamanıdır
Gün"dəm"lərin meyxoşluğundan ayıq gündəmlərə keçmək vaxtı çoxdan yetişib…
Əks halda pərakəndə ayıq başlı qruplar da sonda gündəmləriin "dəm"lik dozasına, təzyiqinə dözə bilməyəcəklər!