“Qəbələ”nin kapitanı Cavid Hüseynovun futbolinfo.az saytına müsahibəsi:

– “Qarabağ”la oyunda komanda gözlənilməz məğlubiyyət aldı. Ümumiyyətlə, bu cür pis çıxışın səbəbi nədi?
– Bu nəticəni özümüz də gözləmirdik. Ən azından səfərdə “Qarabağ”la heç-heçə etmək niyyətimiz var idi. Təəssüf ki, fərdi səhvin hesabına ilk qolu buraxdıq və bundan sonra komandada özünəinam itdi. Komanda toparlana bilmədi və biz ard-arda səhvlər buraxdıq. Nəticədə qapımızda qollar gördük, böyük hesabla uduzduq. 

– Komanda sanki “qara zolaq”dadı…
– Elədi. Bu “qara zolaq”dan çıxmaq lazımdı. Düşünürəm ki, bunun üçün bizə bircə qələbə kifayət edər. Ondan sonra özümüzə gələrik. 

– Mövsümün sonundakı dəyişikliklərdən, yeni futbolçuların gəlişindən sonra sanki özünüzə gələ bilmirsiz?
– Ümumiyyətlə, transfer, heyət seçimi baş məşqçinindi. Bu məsələyə biz qarışa bilmərik. Oyun üslubunda dəyişikliklər var və inkişaf var. Bəlkə də bunu azarkeşlər görmür. Oyunu analiz edəndə inkişafı görürük. Sadəcə, bir qələbə lazımdı. Ondan sonra ardı gələcək. 

– Bu nəticələrdən sonra belə qənaətə gəlmək olur ki, “Qəbələ” birincilik mübarizəsində olmayacaq. Razısan?
– Çempionatın əvvəlində bu barədə danışmaq üçün tezdi. Əlbəttə ki, biz istəyirik ən azı mükafatçılar sırasına düşək. Avrokuboklara vəsiqə əldə edək. Ümid edirəm ki, qazanacağıq. 

– Komandadakı legionerlər sizə uyğunlaşa bilmir, yoxsa potensialları budu? 
– Onların potensialı bu deyil. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı oynayacaqlar. Yerlilərin də oyunu təkcə bu deyil. Ümumi komandanın potensialı bundan çox yüksəkdi. Hər bir oyunçu fərdi olaraq daha yüksək çıxış etməlidi. Gələcəkdə bunu görəcəksiniz. Bir qələbədən sonra hər şey başqa cür olacaq. 

– “Keşlə” də mövsümə çox pis başlayıb. Bu həftə onlara qarşı oynayacaqsız…
– Bu oyunda qalib gəlmək istəyirik. Qələbə qazanaraq uğurlu çıxışa start vermək niyyətindəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp