Həmişə belə edir. Qəfil gündəmə gəlib nəsə böyük bir olay yaradır. İctimaiyyət dəstəklədisə, təbliğatla məşğul olur, öz şəxsini göylərə qaldırmaq üçün hər şey edir. Elə ki, atdığı addımdan sonra burnunun üstündən vurulur, o zaman aradan çıxır, günlərcə gözə görünmür.
 
Hə, geri qayıtmaq üçün kiçik addımlar atır. Pis niyyətli insanlar qapını azacıq açıb gözünün ucuyla içəri baxır, vəziyyətə uyğun, ən münasib məqamda asta-asta otağa soxulur. AFFA-nın baş katibi Elxan Məmmədov da elədi. Bu otağa mütləq girməlidi, amma qapını şəstlə aça bilmir, əl dəstəkdədi və onu hələ ki, azca aralamaqla məşğuldu.
 
AFFA İcraiyyə Komitəsinin qəfil iclası, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin təyinatı yadınızdadımı? Birdən-birə gündəm dəyişdirildi, Məmmədovun kurasiyasında olan millinin uğursuzluğunu unutdurmaq üçün bu addım atıldı. Hər şey əla hesablanmışdı. Komitənin tərkibi də seçilmişdi, bir anda hər şey yekunlaşmalı idi.
 
Amma hər şeyi Tahir Süleymanov məhv etdi. “Neftçi”nin sabiq vitse-prezidenti ucuz oyuna alət olmadı, nüfuzunu, şəxsiyyətini qorudu, AFFA rəhbərliyi tərəfindən hakimlikdən qovulanlarla birgə komitə üzvü olmaqdan imtina etdi. Bu, baş katibin incə planı idi, alınsaydı, əla qələbə qazanacaqdı. Süleymanovsa məkrli plana alət olmadı, imtina etdi. Və bu, Elxan bəyə tərs sillə oldu. Elə zərbə ki, 2 həftə keçib, lakin komitənin tərkibi bəlli deyil.
 
İndi Məmmədov qapını aralayıb gündəmə gəlməyə çalşır. Qarşıda Çempionlar Liqası matçı, ardınca yığmanın oyunları var, gizlənə bilməz, üzə çıxmalıdı. Lakin şəstlə ortaya çıxa bilmir, ayağını sürüyə-sürüyə gəlir. Dünən 19 yaşadək xanım futbolçulardan ibarət milli üzvləri ilə görüş, tədbirdən fotosessiya da buna hesablanmışdı. Yəqin 2-3 günə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibi də açıqlanacaq. Ancaq Məmmədov ehtiyatlıdı, qalmaqallı məsələdə özünü zərbə altına qoymaz.
 
Stuxlik qabağa veriləcək, o, komitənin gülməli tərkibini elan edəcək, Məmmədov da seçimi avstriyalının etdiyini deyərək kölgədə qalacaq. Bu, onun taktikasıdı. Tərkibin elan ediləcəyini göstərən başqa bir addım da atıb. Bakı Olimpiya Stadionunda FIFA referiləri, FIFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. Oradan xüsusi xəbər, fotosessiya da ölkə futboluna dürtülmüş işbacarmaz Stuxlikin təbliğatı üçündü. Axı, bu kişi tezliklə komitənin tərkibini elan etməlidi.
 
Yeri gəlmişkən, Məmmədov budəfəki psixoloji yenilgisindən o qədər sarsılıb ki, bəzi detallara diqqət edə bilməyib. UEFA-nın Hakimlər Komitəsinin üzvü Kiros Vassarasın da iştirak etdiyi test mərasimində hakimlərin geyimi diqqətimizi çəkdi. Beynəlaxalq yarışlar üçün seçiləcək bu adamların hamısının eyni formada, daha səliqəli olması gərək idi, lakin hakimlərin hərəsi bir firmanın geyimində – “Puma”, “Diadora”, daha çox “Adidas” – göründü. Sanki kim əlinə nə keçmişdi, onu da geymişdi.
 
AFFA eyibi örtmək üçün onların hamısına eyni “jiletka” geyindirmişdi. “Adidas” – FIFA-nın tələbinə uyğun olaraq. Burada “Nike”a sevgini göstərmək mümkün deyil. Amma yenə də alabəzək geyimlər yaxşı görünmürdü.
 
Ola bilsin, xırda detaldı, əsas məqam odur ki, Məmmədov qayıdır. Oğrun-oğrun…
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp