“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 6-cı turunda “Neftçi”yə səfərdə 0:4 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə matçı dəyərləndirib:

– İlk növbədə rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız "Neftçi" var idi. Bilirdik ki, "Neftçi" rəqibin səhvlərindən istifadə edəcək. Eyni səhvləri bizimkilər də təkrarladılar. Xüsusilə də müdafiəçilərdən narazı qaldım. Bu gün arxa xətt oyunçularını tanımadım. Heyətdə itkilərimiz vardı. Ancaq bu, rəqibin layiqli qələbəsinə səbəb deyil. Oyunun taleyini “Neftçi"nin fərdi ustalığı ilə seçilən futbolçuları həll etdi.

– Oyuna baxaraq fikriləşirdiniz ki, bu komandanın Premyer Liqada nə işi var?
– Əlbəttə, 0:4 hesablı məğlubiyyət yaxşı hal deyil. Ancaq futbolçularıma bir oyunla qiymət vermirəm. Bu çempionatda 4 qol vurmaq mümkündü. Məsələn, “Sabah" gözlənilmədən "Sumqayıt"a evdə 1:4 hesabıyal uduzdu. Fərdi səhvlərimiz öz sözünü dedi və sonrakı dəqiqələrdə planlarımız pozuldu. 70-ci dəqiqədə 3 əvəzləmə etdim. İmkanım olsaydı, yenə edərdim. Ancaq deyə bilmərəm ki, komandama görə utanıram. "Səbail"i "Neftçi"ylə müqayisə etmək düzgün olmazdı. 

– Bundan sonra istədiyiniz “Səbail"i görə biləcəyik?
– Oyunların yarısında yaxşı oynamışıq. Ancaq komandamızda stabillik çatışmır. Süni meydançada məşq edərək birdən-birə təbii ota kemək çox çətindi. Bunu hiss etdik. Küləkli hava olduğuna görə, süni otda məşq etməli olduq. Ancaq bunlar məğlubiyyətə bəraət qazandırmır. BOS-da məşq edərkən, topu saxlamaq olmurdu. Oyuna istədiyim kimi hazırlaşa bilmədik. 

– Son məşqi burda etməmisiniz?
– "Neftçi” tərəfi dedi ki, özləri də burda məşq etməyiblər. Ardıcıl 2 gün yükləmələr oldu. Komandada az olmağım öz təsirni göstərdi. Bu oyundan sonra rəhbərliklə görüşüm olmayıb. Ancaq bundan qabaq pozitiv söhbətlərim olub. Mehriban kollektiv yaratmaq tapşırılıb. Gələcəyi zaman göstərəcək. (Sport24)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp