Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Sabah”ı səfərdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

– Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadı. Eyni zamanda, əks-hücuma çıxmağı da bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

– “Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?
– Əlbəttə, fərqli üslubda oynayan komandalardı. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

– Emeqara və Delarjı meydana buraxmağı əvvəlcədən də planlaşdırmışdız, yoxsa nəticəyə görə bunu etdiniz?
– İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də bu dəyişikliklərə əl atdım.

– “Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?
– İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm. (Sport24)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp